Astarada avtomobili sərxoş halda idarə edib həm özünün, həm də digərlərinin həyatını təhlükəyə atan sürücülərə qarşı reyd keçirilib. APA TV-nin xəbərinə görə, reyd zamanı Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin Heydər Əliyev prospektində, Ələt-Astara magistralının 244-cü km-də və rayonun Artoba kəndi ərazisində 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Saxlanılan 50 sürücü barəsində inzibati protokol tərtib edilib. Reyd zamanı polisin "saxla!" əmrinə tabesizlik göstərərək aradan çıxmağa çalışan, təhlükəli manevrlər edən, sürücülük hüququ olmadan sükan arxasına keçən və digər kobud qayda pozuntuları edən sürücülər də aşkarlanıb. Astara DYPB-nin rəisi İlqar Rəhimzadənin sözlərinə görə, keçirilən reydlərin nəticəsi olaraq ötən illə müqayisədə rayon ərazisində baş verən yol-nəqliyyat hadisələrinin sayı 2 dəfədən çox azalıb. Müxtəlif qayda pozuntularının aşkarlanması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində reydlər Astara rayonunda mütəmadi olaraq davam etdiriləcək.