Restorana gedənlərin əksəriyyəti menyu ilə bağlı problem yaşayır. Müştərilər deyir ki, problem bütün restoranlarda deyil, yalnız bahalı və tanınmış obyektlərdədir. Onların təqdim etdiyi menyu xarici dildə olduğundan seçim zamanı çətinliklərlə üzləşirik. Sakinlər deyir ki, restoran rəhbərləri xidmətin səviyyəsini yüksəltmək üçün belə bir addımı atırlar. Bununla həm də Azərbaycan dilinin normalarını pozurlar. Mütəxəssislər isə fərqli düşünür. Onlar deyir ki, restoranda menyunun tərtib olunması müştərini cəlb edən əsas amillərdən biridir. Ona görə də restoran və kafelərdə menyunun Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərdində təqdim edilməsi turist axınını daha da gücləndirir. Bu zaman menyu və xidmətin yüksək olması vacib hesab edilir. Mütəxəssislər deyir ki, bütün bu keyfiyyətlər paytaxtdakı kafe və restoranlarda kifayət qədər qorunur. Yəni hər hansı bir ölkədən gələn turist paytaxtdakı resoranlara daxil olub asanlıqla menyu ilə tanış ola bilər. Bölgələrdə isə bu, belə deyil. Turist axınının rayonlara çox olduğu bir vaxtda menyu adətən məhz Azərbaycan dilində təqdim olunur. Ekspertlər deyir ki, problemlərdən biri də oldu-olmadı yeməyin menyuda göstərilməsidir. Müştəri həmin yeməyi sifariş edib, yox cavabı alırsa, bu, ciddi nöqsan hesab edilir. Çünki onlar belə hallarla rastlaşdıqda bir daha həmin restoranın xidmətindən istifadə etmirlər. Bəs menyu tərtib edərkən hansı qaydalara əməl edilməlidir? Xatırladaq ki, bununla bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qayda var. Belə ki, ictimai iaşə xidməti göstərən obyektlərdə menyunun təkibi, adı və miqdarı müştəriyə yazılı şəkildə göstərilməlidir. Menyunun Azərbaycan dilində yox, yalnız əcnəbi dildə təqdim edilməsi də qanunla qadağandir. Buna əməl etməyən biznes qurumları 1500 manatadək cərimə oluna bilərlər. Bu, qanunvericiliyin tələbidir və hər kəs buna riayət etməlidir.

































