Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Hacı Məmmədovun intihar etməsi ilə bağlı açıqlama verilib. Penitensiar Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib. "Məhkum H.T.Məmmədov Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində “Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində” diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib. Hadisə yeri prokurorluq tərəfindən tibb ekspertinin iştirakı ilə müayinə olunub. Hadisə baş vermiş kameraya və mərhumun üzərinə baxış zamanı sonuncu tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib", - deyə məlumatda qeyd olunur. Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, təxirəsalınmaz zəruri prosessual tədbirlər həyata keçirilib, hazırda istintaq hərəkətləri davam etdirilir.