Gələn il yanvarın 1-dən “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi nəticəsində Məşğulluq Fondu formalaşacaq. Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən III Məzun-Karyera Sərgisinin açılışında çıxış edərkən deyib. Onun sözlərinə görə, Məşğulluq Fondu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə işləyənləri də cəlb etməklə çox saylı aktiv əmək proqramları həyata keçirməyə imkan verəcək: “Bunlara özünüməşğulluq proqramları, gənclərin subsidiyalı əməkhaqqı ilə işə qəbul edilməsi də aiddir. Artıq bizim gənclər sahəsindəki fəaliyyətimizi genişləndirmək üçün bütün maddi-texniki imkanlar var. Yeganə tələb ali təhsil müəssisələrinin, yaxud gənclərin bu kimi proqramlara maraq göstərməsidir”. Nazir müavini əlavə edib ki, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkənin 9 ali təhsil müəssisəsində məzun-karyera yarmarkası keçirilib. Bu yarmarkalarda tələbələrə 5000-dən çox vakant iş yeri təqdim edilib.