Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun meyiti bu gün səhər saatlarında yaxınlarına təhvil verilib. APA TV-nin məlumatına görə, onun vəkili Afət Qaziyeva Hacı Məmmədovun artıq dəfn olunduğunu söyləyib. Bununla belə, vəkil ailəsinin dəfn yerini ictimaiyyətə açıqlamaq istəmədiyini qeyd edib. Rəsmi açıqlamaya əsasən, "sağ ağ ciyərin digər daxili orqanlara metastazlar vermiş mərkəzi xərçəngi", “Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində” və "şəkərli diabet" diaqnozları ilə Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsində müalicə olunan 1951-ci il təvəllüdlü Məmmədov Hacı Teymurxan oğlu dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib. Onun harada dəfn olunduğu ictimaiyyətdən gizlədilsə də, əslən Abşeronun Saray kəndindən olan Hacı Məmmədovun məzarını elə kənd məzarlığında axtarmaq qərarına gəldik. Hacı Məmmədovun məhz burada dəfn olunduğuna işarə edən hər hansı əlamət tapa bilməsək də, 1993-cü ilin 26 oktyabrında vəfat edən atası Məşədi Teymur Məmmədovun və 2014-cü ildə dünyasını dəyişən anasının məzarlarını tapa bildik. Hacı Məmmədovun atası gördüyünüz o türbənin içərisində dəfn olunub. Kadrlardan da görünür ki, Hacı Məmmədov valideynlərinin yanında dəfn olunmayıb. Qeyd edək ki, intihar faktı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.