«5-6 nəfərlik ailəyə 1-otaqlı ev verirlər, prezidentə deyirlər ki, evlə təmin elədik». «Turan» agentliyinin xəbərinə görə, bunu Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində məskunlaşan köçkünlər deyirlər. Köçkünlər onlara yeni salınan qəsəbələrdə ödənişsiz verilməli olan evlərin pulla satıldığını iddia edirlər. Agentliyin xəbərində qeyd edilir ki, bu gün, dekabrın 25-i Cavadxan küçəsinin Milli Oftalmologiya Mərkəzinin qarşısından keçən hissəsini köçkünlər bağlayıblar. Aksiya iştirakçılarından biri deyib ki, qanuna görə, 2 nəfərdən ibarət ailə 1-, 3 nəfərdən ibarət ailə 2-, 5-nəfərlik ailə isə 3-otaqlı mənzillə təmin olunmalıdır. ««Qaçqınkom» evləri satıb, qalıb 1-otaqlı evlər. İndi 5-6-nəfərlik ailəyə 1-otaqlı ev verirlər, prezidentə deyirlər ki, evlə təmin elədik», - şikayətçi bildirib. Digər iştirakçılar da eyniməzmunlu narazılıqlarını bildiriblər. Onlar da Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bölgü siyasətindən narazılıqlarını bildirərək, pulu-imkanı olanların daha geniş mənzillərə sahib çıxdıqlarını iddia ediblər. Xəbərdə bildirilir ki, əraziyə Binəqədi Rayon Polis İdarəsinin və çevik polis alayının əməkdaşları gətirilib. Polis idarəsi rəsmiləri ilə danışıqlardan və müdaxilədən sonra etirazçılar yolu açıblar. Rəsmilərlə söhbət davam etdirilib. Narazılara bildirilib ki, problemlə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumatlandırılıb. Gərəkli addımların atılacağı vəd edildikdən sonra məcburi köçkünlər dağılışıblar. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən səslənən iddialara hələlik münasibət almaq mümkün olmayıb.