Azərbaycanın tanınmış rəqqasəsi, xalq artisti Roza Cəlilova 97 yaşında vəfat edib. O, Bakının Səbail rayonunda yaşadığı mənzildə dünyasını dəyişib. Məlumata görə, onun həkimə qədər ölümü qeydə alınıb.
Son aylarda gündəmi silkələyən hadisə
Bir neçə ay əvvəl sənətkarın ailəsində qalmaqal yaşanmış və bu məsələ mətbuatın diqqətini çəkmişdi. Roza Cəlilova qızını polisə şikayət etmişdi. O, Səbail Rayon 9-cu Polis Bölməsinə müraciət edərək iddia etmişdi ki, qızı ondan 4 ədəd brilyant qaşlı sırğa və digər bahalı zinət əşyalarını alıb geri qaytarmayıb.
Sənətkar demişdi:
“Oğlum və qızım hər ikisi savadlı insanlardır. Onların bir-biriləri ilə yola getməməsi məni çox əzir. Mən harasa gedəndə hədiyyələrimi övladlarıma tapşırmışam. Əmanət edirəm, sonra gəlib görürəm ki, yoxdur… Bu, bir evdir, hamısı sizindir, niyə yola getmirsiniz? Pis şeydir. Qızımın xasiyyəti çətindir, sözə baxmır”.
O, əlavə etmişdi ki, zinət əşyalarını qızı Yeganəyə əmanət verdiyini, lakin sonradan əşyaların itdiyini öyrənib. Sənətkar şikayətini geri götürsə də, məsələ onun üçün müəmmalı qalıb:
“İtibsə, canı sağ olsun, lakin çox müəmmalıdır. Ərizəni geri çəkdim ki, camaat eşitməsin, çünki uzaq deyil, qızımdı. Ya qaytarsın, ya da pulunu göndərsin. Adam özününkünə bunu etməz”.
Son görüş
Roza Cəlilova bildirib ki, yaxınlarda qızı ilə görüşüblər və bu məsələ yenidən müzakirə olunub. O, zinət əşyalarının kim tərəfindən götürüldüyünün araşdırılmasını istədiyini vurğulayıb, çünki oğlunun həmin əşyaların dəyərinə ehtiyacı olduğunu qeyd edib.





























