Son günlər Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrdə Azərbaycan prezidenti, mərhum Heydər Əliyevin sabiq müşaviri Vəfa Quluzadənin 2014-cü ildə Rusiyanın Krımın işğalı ilə bağlı verdiyi şərh yayımlanıb.
Vəfa Quluzadə “Amerikanın Səsi” radiosuna verdiyi müsahibədə bildirir ki, Putin Rusiyada hakimiyyətdə olduğu müddətdə Kiyev-Moskva münasibətləri düzəlməyəcək. Mərhum politoloq qeyd edir ki, Ukraynada Qərbin dəstəyi ilə demokratik Prezident seçiləcək. Putin də bunun əleyhinə olacaq. Ona görə də Ukrayna-Rusiya münasibətləri hər zaman gərginlikdə olacaq.
Politoloq qeyd edib ki, Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə bunun olduqca ciddi regional təsirləri olacaq. Nəticədə Rusiyada hakimiyyət dəyişiklikləri belə baş verə bilər.
“Əgər Rusiya Ukraynada qələbə çalarsa, o zaman sovet imperiyası yenidən bərpa oluna bilər. Amma düşünmürəm ki, NATO bu hücumlar qarşılığında səssiz qalacaqdır. Biz Ukraynanın qələbəsinə maraqlı olmalıyıq”.
Qeyd edək ki, politoloqun təhlili bu gün sözün əsl mənasında baş verən Rusiya-Ukrayna münasibətləri fonunda aktuallığını nümayiş etdirir.