► ABŞ-ın fast-fud şəbəkələrindən birinə aid restoranda işçi qız müştərilərin gözü önündə yeməyə tüpürərək qalmaqal salıb. Dialoq TV xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. İnsident “Pita Pit” restoranlar şəbəkəsinin Mizula şəhərində yerləşən filialında baş verib. Videoda kafenin əməkdaşı müştəri ilə mübahisə edir. Mübahisənin gərginləşməsindən sonra gənc işçi müştəri üçün hazırladığı burgerin içinə tüpürür və onun üzərinə tullayır. “Bunu ona görə etdim ki, üç gündür evə getmək istəyirəm, gedə bilmirəm” deyə restoranın əməkdaşı bildirir. Hiddətlənmiş müştəri hadisənin görüntüsünü “Facebook” sosial şəbəkəsində paylaşıb. Video qısa müddət ərzində 385 mindən çox baxış sayı qazanıb. Qalmaqalın böyüməsindən sonra şirkət rəhbərliyi rəsmi qaydada üzrxahlıq edib və həmin gənc qızın artıq işdən kənarlaşdırıldığını bəyan edib.