Azərbaycan Prezidenti İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, müharibə keçmişdə qaldı. İnfrastruktur bərpa edildiyi üçün bölgədəki iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması diqqətəlayiqdir. Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı iqtisadçı Aleksandr Razuvayev Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşünün nəticələrini şərh edərkən deyib. “Rus sülhməramlıları Laçın dəhlizi vasitəsilə Qarabağdakı ermənilərlə Ermənistan arasında əlaqənin təhlükəsizliyini təmin edirlər. Bundan əlavə, razılaşmaya görə, Ermənistan ərazisindən Naxçıvana nəqliyyat dəhlizi açılmalıdır. Onun təhlükəsizliyi Ermənistan ərazisində yerləşdirilən Rusiya FTX-nın sərhədçiləri tərəfindən təmin ediləcək. Rəsmi Bakı bu dəhlizdən Naxçıvan üzərindən birbaşa Türkiyə ilə birləşəcək dəmiryolu çəkməyi planlaşdırır”, - iqtisadçı bildirib. Ekspert qeyd edib ki, geostrateji baxımdan Qarabağ bütün türk dünyası üçün vacib bir elementdir. Ərazinin əhəmiyyəti bu bölgənin müəyyən nəqliyyat imkanları yaratmasında, yəni türk dünyasını birləşdirən yolu davam edirməsindədir: “Təəssüf ki, Ermənistan hələ də iqtisadi baxımdan sağlam düşüncədən kənar siyasi ambisiyalara sahibdir. İrəvanın Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilən sərhədlərini tanıması, həmçinin Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması düzgün olardı. Özünü təcridetmə siyasəti, ilk növbədə, İrəvanın iqtisadiyyatına ziyan vurur. Vaksinasiya, pandemiyanın sonu və beynəlxalq turizm Ermənistana yeni bir şans verir. Lakin siyasət səbəbindən bu şans, çox güman ki, əldən veriləcək”.