Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
REAL-ın xəbərinə görə, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev dedi:
-Çox şadam ki, artıq neçə il ərzində Azərbaycan belə mühüm görüşlər üçün öz logistika dəstəyini və məkanını təqdim edir. Biz bunu yüksək qiymətləndiririk. Biz bunu aramızda olan dostluq və tərəfdaşlıq əlaməti hesab edirik. Həmçinin etimad əlaməti kimi də qəbul edirik. Çünki dünyada çoxlu ölkə var. Birləşmiş Millətlər Təşkilatında demək olar iki yüz ölkə var. Lakin müəyyənliyə, əməkdaşlığa, risklərin azalmasına və planetimizin daha təhlükəsiz olmasına gətirib çıxaran bu görüşlərin keçirilməsi yeri kimi Azərbaycan seçilmişdir. Biz çox şadıq və qürur hissi keçiririk ki, Azərbaycan həm NATO, həm də Rusiya tərəfindən bu görüşün keçirilmə yeri kimi seçilmişdir. Ümidvarıq ki, əvvəlki, bugünkü və növbəti görüşlər sülh və sabitliyə töhfə verəcəkdir. Bir daha xoş gəlmisiniz.
NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç dedi:
- Cənab Prezident, təşəkkür edirəm. Əvvəlcə icazə verin Baş katib cənab Stoltenberqin salamlarını Sizə çatdırım. O, Sizə ən səmimi salamlarını çatdırır.
Prezident İlham Əliyev: Çox sağ olun, mənim də salamlarımı cənab Baş katibə çatdırın. Mən onunla NATO mənzil- qərargahında görüşümü xatırlayıram. Həmçinin Şimali Atlantika Şurasında səfirlərlə ünsiyyətimi xatırlayıram. Mən orada dəfələrlə olmuşam.
Ser Stüart Piiç: Bugünkü görüşə əlavə olaraq icazə verin Silahlı Qüvvələrinizin NATO-ya dəstəyinə görə Sizə təşəkkürümü bildirim. Tərəfdaş və dost olaraq bu, bizim üçün çox önəmlidir. Sizin Silahlı Qüvvələrinizə bizim böyük hörmətimiz var, onlar çox peşəkar və effektivdirlər.
Prezident İlham Əliyev: Çox sağ olun. Biz NATO-nun etibarlı tərəfdaşıyıq və bizim hərbçilərimiz Əfqanistanda NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edirlər. Bildiyiniz kimi, bu yaxınlarda biz hərbçilərimizin sayını 30 faiz artırdıq, indi onların sayı 120 nəfərdir. Həmçinin biz Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində də işləyirik. Eyni zamanda, Əfqanistana gedən yüklərə mühüm logistik və nəqliyyat dəstəyini təmin edirik. Həmçinin iki il bundan əvvəl biz Azərbaycan və Türkiyə arasında dəmir yolunun açılışını etdik və hazırda bu yoldan daşımalar üçün istifadə edilir. Digər vacib məsələ ondan ibarətdir ki, biz Lapis Lazulinin öz sistemimizlə bağlanmasına nail olduq. Biz artıq Əfqanıstandan onların ixrac etdiyi yükləri qəbul etməyə başlamışıq. Beləliklə, biz Əfqanistana iqtisadi və sosial inkişaf üçün daha çox pul qazanmağa kömək edirik. Eyni zamanda, biz bir neçə dəfə Əfqan Milli Ordusunun Etimad Fonduna ianələr vermişik. Həmçinin biz Əfqanıstan hökuməti ilə islahatlar üzərində yaxından işləyirik. Çox qürurvericidir ki, dövlət xidmətlərinin göstərilməsi üzrə ilk mərkəz olan ASAN, - bu nou-xaunun sahibi bizik, - Əfqanıstanda açılmışdır. Beləliklə, bu, vahid pəncərə sistemi çərçivəsində çox nadir dövlət xidmətləri mərkəzidir. İki yüzdən çox xidmət var, bunlar onlayn və çox səmərəli şəkildə göstərilir. Burada bu mərkəzin bəyənilmə səviyyəsi 100 faizə yaxındır. Bəlkə nümayəndə heyətinizin bəzi üzvləri onların birinə baş çəkə bilər, Bakıda beş mərkəz mövcuddur. Bunu biz əfqan tərəfdaşlarımıza nəyi təklif etdiyimizi görsünlər deyə deyirəm. Əlbəttə, təhlükəsizlik və terrorla mübarizə əməliyyatları çox vacibdir, lakin ölkəyə iş yerləri, məşğulluq, sosial müdafiə, iqtisadi islahatlar lazımdır və biz bu məsələlərlə bağlı Əfqanıstan hökuməti ilə çox geniş iş aparırıq.
****
16:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.