AZ
Video yüklə

Paşinyan sülh danışıqlarını yubadır

12 baxış Son xəbərlər
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycanın ünvanına hədyan fikirlər söyləyib.

APA TV xəbər verir ki, nə qədər gülünc olsa da, baş nazir Azərbaycanın Laçın dəhlizinin bağlanması üçün zəmin yaratmağa çalışdı¬ğını, rəsmi Bakının danışıqları mütəmadi pozduğunu iddia edib. O daha da irəli gedərək, Azərbaycanın hərəkətlərinin İŞİD və Əl-Qaidəni xatırlatdığını deyib. Qarabağdakı silahlı separatçılarla bağlı fikir bildirən Paşinyan qeyd edib ki, Ermənistanın həmin ərazilərdə ordusu yoxdur. Azərbaycan bu məsələyə aydınlıq gətirmək üçün müşahidə missiyası göndərmək təklifindən imtina edib: “Qarabağda ermənilərin müdafiə ordusu fəaliyyət göstərir. Oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşdə mən Dağlıq Qarabağın hakimiyyət orqanlarının Qarabağ ətrafında beynəlxalq təminatlarla demilitarizasiya zonasının yaradılması təklifini çatdırdım. Bu təklifi oktyabrın 6-da Praqada keçirilən görüşdə vermişəm. Bunun nəticəsində Dağlıq Qarabağın müdafiə ordusuna ehtiyacı olmayacaq”

Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətlə də bağlı fikir bildirən Paşinyan qeyd edib ki, demilitarizasiya zonası sərhəddə də yaradılmalı və hər iki tərəfdə qoşunlar ərazidən çıxarılmalıdır: “Bu təklif qüvvədə qalır. Azərbaycana bu təklifin yenilənmiş variantını göndərdik”.

İstər Moskvada, istərsə də Qərb ölkələrində təşkil olunan görüşlərdə daim sülhdən və barışıqdan danışan Baş nazirin budəfəki çıxışları nəyə hesablanıb?

Məsələ ilə bağlı açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Qarabağda Ermənistan ordusunun olmaması ilə bağlı açıqlama tamamilə əsassızdır. O əlavə edib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə Ermənistana aid hərbi texnikaların və hərbçilərin olması barədə sübutlar var: “İmzalanmış üçtərəfli bəyanatda yazılıb ki, Qarabağdan bütün erməni silahları və texnikaları çıxarılmalıdır, orada yazılmayıb ki, bu Ermənistana aiddir yoxsa, separatçı qurumun müdafiə ordusuna. Bu barədə birgə bəyanatda heç bir bənd yoxdur. İstənilən əlisilahlı erməni Qarabağdan ən qısa müddətdə çıxarılmalıdır. Xatırladıram ki, Ermənistandan fərqli olaraq Qarabağdakı separatçıların hərbi texnika və silah ala bilmək imkanları yoxdur. Buna görə Paşinyanın verdiyi açıqlamalar tamamilə boş və əsaslandırılmamış fikirlərdir”.

Hərbi ekspert onu da əlavə edib ki, Paşinyanın bu açıqlamaları Azərbaycanın öz ərazilərindən separatçı silahlıları çıxarmasına mane olmayacaq.

Siyasi şərhçi Şəbnəm Həsənova da bildirib ki, Paşinyanın çıxışı revanşist meyillərlə doludur: “Paşinyanın Azərbaycanı soyqırımda ittiham etməsi və yaxud da öncədən proqnozlaşdıraraq, hər hansı bir beynəlxalq ictimaiyyət qarşısında pərdə formalaşdırılması ondan xəbər verir ki, Ermənistan illər ərzində etdiyi cinayətləri pərdələyir, öz soyqırımı aktlarını digər ölkənin ayağına yazmaq istəyir. Üçtərəfli bəyanatda sülhməramlıların qalma müddəti aydın şəkildə göstərilib. Bunun qeyri müddət şəkildə Paşinyan tərəfindən göstərilməsi absurddur”.

Siyasi şərhçi onu da əlavə edib ki, erməni baş nazir götürdüyü öhdəliklərdən yayınır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.