Birjalarda neftin qiyməti 3 illik rekordu təzələyib. APA TV-nin məlumatına görə, "Brent" markalı neft sutka ərzində bir dollardan çox bahalaşaraq 69,26 dollardan satılıb. Bu markadan olan neft hazırda 69,16 dollardan təklif olunur. Hazırkı qiymət 2014-cü ilin qiymətlərini təzələyib. WTİ markalı neft də 3 illik rekordu yeniləyib. Qərbi Texas nefti "Brent" neftindən daha çox bahalaşıb və hazırda 63,45 dollardan təklif olunur. Qərbi Texas neftinin qiymətinin daha çox yüksəlməsi ABŞ-dan qaynaqlanan səbəblərin önə keçdiyini göstərir. İki marka arasında qiymət fərqi də 6 dollardan aşağı düşüb. Amerika Neft İnstitutunun hesabatına görə, ehtiyatlar ötən həftə 11,2 milyon barel azalıb. Rəsmi hesabatda da bu rəqəmlər təkrarlanarsa, ABŞ-da ehtiyatlar 1999-cu ildən bu yana ilin bu dövrünün ən böyük azalması olacaq. Ehtiyatların azalması artıq səkkizinci həftədir davam edir. OPEK ölkələri və Rusiya da daxil olmaqla bir neçə qeyri-kartel ölkəsi istehsalı azaltmaqla bağlı razılaşmanın qazancını görməkdədir. Bununla belə razılaşma ciddi təhlükə ilə üz-üzədir. ABŞ-da gələn ay günlük istehsalın 10 milyon barelə, 2019-un noyabrında isə 11 milyon barelə çatacağı təxmin edilir. Azərbaycan neftinin qiyməti isə yenidən 70 dolları ötüb. "AzeriLight" markalı neftin 1 bareli hazırda 70,44 dollardan satılır.