Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu posta Azərbaycan Bayrağı sancan hərbi qulluqçumuz Rauf Musayev ata olub. Bu barədə "Report”a R.Musayevin yaxınları məlumat verib. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru R.Musayevin noyabrın 19-da oğlu dünyaya gəlib: "Körpənin səhhəti yaxşıdır. Bu barədə işğaldan azad edilən ərazilərimizdə xidmət edən atasına məlumat veriləndə çox sevindi. Hələ ki körpəyə ad verilməyib”. Qeyd edək ki, Müdafiə Nazirliyinin oktyabrın 4-də yaydığı məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. Azərbaycan Bayrağını posta Azərbaycan Silahlı Qüvvələrinin mayoru Rauf Musayev sancıb. Xatırladaq ki, R.Musayev 1985-ci il mart ayının 11-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. Siracəddin Məmmədov adına Poylu kənd orta məktəbini bitirdikdən sonra o, 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2006-ci ildə hərbi məktəbi əla qiymətlərlə bitirib, ilk hərbi rütbəsini alaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici olub. 2007-ci ildən etibarən Azərbaycan Ordusunun "N” saylı hərbi hissəsində xidmətə başlayıb, müxtəlif istiqamətlərdə xidmət aparıb. R.Musayev 2016-cı ilin aprelində cəbhənin Talış istiqamətində gedən döyüşlərdə də iştirak edib. O, Mübariz İbrahimovun xidmət etdiyi postdan düşmən üzərinə gedib və döyüşdə yaralanıb. Sağaldıqdan sonra isə yenidən xidmətə başlayıb.