İranla münasibətlər isinməyə doğru gedirmi?

  • 15.11.2021
  • 0

İran prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu Tehranda qəbul edərkən ölkəsinin Azərbaycan və İranla əlaqələrini bu şəkildə dəyərləndirib: “İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var”. İbrahim Rəisi əlavə olaraq deyib ki, İran və Türkiyə arasında əlaqələrin inkişafı, xüsusən ticarət və iqtisadi sahədə əlaqələrin inkişafı hər iki ölkənin xalqlarının xeyrinədir: “İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirməlidir”.
 
Mövlüd Çavuşoğlu İran prezidentinin sözlərinə cavab olaraq Türkiyənin Tehranla əməkdaşlığı daha da artırmaqda qətiyyətli olduğunu bildirib. Çavuşoğlu eyni zamanda, Cənubi Qafqazda sabitliyin artırılması və ticarət əlaqələrinin inkişafı üçün İranla müştərək əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarını bildirib. Bu görüşdən sonra bəlli olub ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın da yaxın günlərdə İrana səfəri planlaşdırır.
 
Bu arada, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın bir neçə gün əvvəl İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşü də diqqəti çəkdi. Görüşdən sonra səfir özünün tviter hesabında bunları yazdı: “Görüşdən, görüşməkdən məmnun oldum. Xüsusilə media və diplomatiya sahəsində nazirliklərimizin daha sıx əməkaşlığını müzakirə etdik”. İranın Azərbaycandakı səfiri iki ölkə arasındakı münasibətlərin gərgin olduğu dövrdə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə də iki dəfə görüşmüşdü.
 
Beləliklə, Tehran Azərbaycana qarşı yol verdiyi yanlışdan geri dönür. Biz də bunu istəyirik. Azərbaycana İranla münasibətlərdə əlavə gərginlik lazım deyil. Ancaq İranın siyasi mərkəzlərində yanlışı davam etdirmək istəyənlər var. Misal üçün İran parlamentinin Təbrizdən olan millət vəkili özünün sosial səhifəsində Azərbaycanı İkinci Qarabağ müharibəsindəki qələbə münasibətilə təbrik edib. Bundan təbii nə ola bilər ki? İranın Təbrizdən olan azərbaycanlı millət vəkili qardaşlarını sevincinə şərik olub. İran parlamentinin bir qrup millət vəkili isə təbrizli vəkili hədəf seçərək ona qarşı “Sən niyə Azərbaycanı təbrik etmisən” məntiqsiz iddialar irəli sürüb, Təbrizdən olan həmkarlarının mandatının əlindən alınmasını təklif ediblər. Belələrin məntiqinə görə təbrizli millət vəkili Azərbaycanın öz ərazisinin bərpasına sevinməməliydi. Anlamırlar ki, İran prezidenti və xarici işlər naziri yanlışdan məhz ona görə geri dönüş etdilər ki, Təbriz, Ərdəbil və azərbaycanlıların yaşadıqları digər İran şəhərlərinin sakinləri Azərbaycanın İkinci Qarabağ savaşındakı zəfərini öz zəfərləri kimi qəbul etdilər...