Ermənistanda polis müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqiq Tsarukyana qarşı 3 cinayət işinin açılması və ifadəyə çağırılmasına etiraz edən deputatlara qarşı güc tətbiq edilib. Redaktor.az-ın verdiyi məlumata görə, aksiyada “Çiçəklənən Ermənistan” fraksiyasının deputatları İvetta Tonoyan, Naira Zoqrabyan, Karine Poqosyan, Arman Abovyan, Qevork Petrosyan iştirak ediblər. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısına toplaşan aksiyaçıları dağıtmaq üçün xüsusi polis qüvvələrindən istifadə edilib. Deputatlar zorla Xancyan küçəsindən uzaqlaşdırılıb. Polisin güc tətbiq etməsi nəticəsində deputatlardan Karine Poqosyan və Arman Abovyan xəsarət alıb, Caanibek Ayrapetyanı isə polislər sürüyüb. Digər deputatlar Caanibek Ayrapetyanın hara aparıldığını bilmədiklərini söyləyiblər. Bir müddət sonra isə polis həmin deputatın ərazidən uzaqlaşdırıldığını bildirib. //APA