Hindistanın Racastan və Telanqana ştatlarında “qara kif” olaraq bilinən mukormikoz epidemiyası barədə elan verilib.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Racastan Səhiyyə Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilir ki, COVID-19 təsiri və yan təsirləri səbəbiylə ştatda mukormikoz xəstələrinin sayı artmağa davam edir. Məlumata görə, hazırda ştatda 100-ə yaxın belə xəstə var.
Səhiyyə Nazirliyi epidemiya qanununa uyğun olaraq ştat ərazisində mukormikoz xəstəliyi barədə bütün şübhəli və təsdiqlənmiş hallar barədə xəbər verilməsi barədə tibbi müəssisələrə öhdəlik qoyub.
Mukormikoz və ya “qara kif” - göbələk xəstəliyinin yaratdığı ağırlaşmadır. Xüsusən ağır xəstəliklərlə, o cümlədən koronavirusla mübarizədən sonra immuniteti düşənlər üçün təhlükəlidir.