Cümhuriyyət bayrağımız 72 il sonra Gəncədə necə qaldırıldı?

  • 28.05.2020
  • 0

Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı https://www.ens.az/az Demokratik.az - https://demokratik.az 1989-cu il noyabrın 22-də Gəncənin mərkəzi meydanında böyük izdiham varıydı. Həmin günlər müasir Azərbaycan dövlətinin təqvimində Milli "Dirçəliş Günü” kimi qeyd olunan məlum xalq hərəkatının Bakıda “Azadlıq meydanı”ndakı doğuluşundan düz 1 il ötürdü. Minlərlə vətənpərvər Gəncəli ölkəmizin dörd bir yanında alovlanmaqda olan milli azadlıq ruhunun işığına, müqəddəs anım gününə toplaşmışdı, hamı həyəcanla mitinq təşkilatçılarının SSRİ rəhbərliyinə ittihamlarını alqışlayır, tanınmış natiqlərin alovlu çıxışları AZADLIQ! şüarlarıyla bir-birini əvəz edirdi. O zamankı şəhər İcraiyyə Komitəsinin əzəmətli binasının ətrafında çoxlu milislər gözə dəysə də, xoşbəxtlikdən nümayiş yerli hökumətin müdaxiləsi olmadan keçirdi, proseslər yerli əhalinin iradəsilə özünün klüminasiya nöqtəsinə yürüməyə davam edirdi. 70 illik rus şovinizminin Azərbaycana qarşı həyata keçirdiyi əsarət siyasətinin təzahürləri SSRİ kimi azğın imperiyanın süqutunu bu şəhərdə daha sürətlə şərtləndirirdi. Müstəmləkə əsarətindən qurtulmaq istəyən və dövlət müstəqilliyini yenidən qurmaq arzusunda olan millət 1918-ci ildə olduğu kimi, özünün müstəqil, demokratik Xalq Cümhuriyyətinin varisliyinin bərpasını cani-dildən tələb edirdi. Əslində, həmin günlərdə Gəncə şəhərinin istiqlalçı əhalisi Azərbaycan tarixinə növbəti parlaq möhürlərini vurur, 1918-ci ildə qürurla daşıdığı Azərbaycan Xalq Cümhuriyyəti paytaxtı missiyasına, milli dövlətçilik və millətçilik ənənələrinə, Rəsulzadə dəyərlərinə tərəddüdsüz sahib çıxırdı. Beləliklə, şanlı tariximiz yenə məhz Gəncədə təkrarlanır, Gəncə adı 70 ildən sonra da Azərbaycanın müstəqillik tarixinə məğrur və milli ruhlu şəhər kimi yazılırdı. Əsrin əvvəlində Cümhuriyyətimizin paxtaxtı olmuş şəhərin meydanında Gəncə adının tezliklə bərpasından tutmuş, milli kimliyimizin bəyanına kimi doğma və mütərəqqi tələblər vətəndaşları coşdurmuşdu. Hamı Azərbaycana və xalqına hürr arzular diləyirdi. Lakin, o günləri yaddaqalan edən çox maraqlı, təsirli bir hadisə də baş vermişdi. Azərbaycan öz tarixi kutsal bayrağına hakim çıxaraq üçrəngli cümhuriyyət bayrağımızı Gəncənin mərkəzində dalğalandırmış, inzibati binanın üzərinə qaldıra bilmişdi. “Ens.Az” və “Demokratik.Az” saytlarının birgə təşəbbüsü ilə mövzu ətrafında apardığımız özəl araşdırmamızda maraqlı və eksklüziv tarixi bilgilər əldə edə bilmişik. O günləri xatirəyə çevirən fotoşəkildə soldan üçüncü sırada dayanan, Gəncə bayraqdarlarından biri, Məmməd Əmrahovun özünün və hadisənin canlı şahidlərinin Ens.az və Demokratik.az-a EKSKLÜZİV müsahibəsini təqdim edirik. Beləcə, Gəncədə qürurverici bir günü anmağa, xatırlamağa çalışdıq. İndi deyə bilərik ki, Gəncə üç rəngli bayrağımızı həm 1918-ci ildə, həm də 90-cı illərdə ilk dalğalandıran milli istiqlalçılar şəhəridir. Şanlı-şərəfli tarixin, müstəqillik günün mübarək Azərbaycan!