Əməkdar artistin dəfnindən görüntülər

  • 27.04.2021
  • 0

Əməkdar artist Baloğlan Əşrəfov doğulduğu Bədəlan kənd qəbiristanlığında, valideynlərinin məzarının yanında torpağa tapşırılıb. 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, 70 yaşında koronavirusdan vəfat edən sənətkarla pandemiyaya görə, xüsusi vida mərasimi təşkil olunmayıb:

Mərhum müğənninin dostu Firudin Səfərov deyir ki, sonuncu dəfə onunla danışanda yaxşı olduğunu deyib: “Dünən biz Baloğlanla, yaxın dostu İttifaqla canlı danışdıq. Dedi ki, çox yaxşıyam, düzəlmişəm. Bu gün səhər mən eşitdim, çox pis oldum, həddindən artıq. Baloğlan haqqında çox danışmaq olar. Gözəl səs, gözəl insan, ailə başçısı. Mən Baloğlanla ailə dostuyam. Özünün bir zarafatı var idi. Deyərdi ki, mən dünyamı dəyişəndən sonra mahnılarımın üstündə müğənnilər dava edəcək. Həqiqi elədir. Baloğlanın mahnıları şirindir, gözəldir. Özü də gözəl müəllim idi, ədəbiyyatçı idi, yazar idi. Gözəl mahnılar bəstələyirdi”.

Müğənni Cavad Rəcəbov da deyir ki. Baloğlanla danışanda ötən günlərə baxanda yaxşı olduğunu bildirib: “Mən dünən günorta çağı onunla danışmışam. Hətta səs yazısı da məndədir. Dedim: “Baloğlan, mənim ürəyim, necəsən qardaş?” Dedi: Cavad, ötən günlərə nisbətən yaxşıyam. Amma bir az halım yaxşı deyil. Dedi ki, mən 1 il efirlərə çıxmadım müəyyən səbəblərə görə, 1 ildən sonra gündə 3-4 verilişə getdim, orada mikrofonlardanmı, nədənsə bu bəla gəldi, tutdu məni. Baloğlan haqqında mən dəfələrlə sözümü demişəm efirlərdə. Baloğlanın qiymətini Azərbaycan xalqı verib”. 

Baloğlan Əşrəfov 1951-ci il oktyabr ayının 8-də Masallı rayonunun Bədəlan kəndində doğulub. O, Azərbaycanın demək olar ki, bütün rayonlarında keçirilən el şənliklərində öz məlahətli səsi ilə mahnılar ifa edib. Həmçinin dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB ölkələrinin böyük şəhərlərində konsert proqramları ilə çıxış edib. 

Sənətkar yaddaqalan ifaları və bəstələri ilə yanaşı, xeyirxahlığı ilə də tanınırdı. Dəfələrlə aztəminatlı ailələrin toy mərasiminin keçirilməsinə kömək edib.

2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Nə düşünürsən?