Azərbaycanda tanınmış bloqerlər bahalı maşınlar paylayırlar?

  • 21.05.2021
  • 0

Son illər instaqram platformasında “Giveaway” adlı yarışlar geniş yayılıb. Sözügedən marketinq kampaniyasından influenser, bloqer, qısası sosial şəbəkələrdə populyar və daha çox izləyiciləri olan şəxslər istifadə edir. İnstaqram fenomenləri yarışmaya qoşulan izləyicilərinə ev, avtomobil, mobil telefon və bir çox digər qiymətli hədiyyə vəd edir. Nə qədər əlçatmaz görünsə də, bu günədək sözügedən hədiyyələri qazananlar da az deyil.
Lakin tez-tez həmin oyunlarla bağlı sosial şəbəkələrdə narazılıqlar səsləndirilir, şəffaf keçirilmədiyinə dair fikirlər irəli sürülür. Buna səbəb də bir neçə populyar simanın qalibi seçərkən saxtakarlığa yol verməsi olub. Sonuncu dəfə belə bir məsələ ilə Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva gündəmə gəlib. Aynişan bu məsələdə təşkilatçıları təqsirli bilsə də, sözügedən yarışmadan sonra izləyicilərin ona etibarı müəyyən qədər azalıb.  
“Qafqazinfo” sosial şəbəkələrin gündəmini zəbt edən mövzu ilə bağlı ən böyük məbləğli “Giveaway”lərə imza atan influenserlərlə görüşüb.
1 milyon 400 mindən çox izləyicisi olan və hesabı instaqram şirkəti tərəfindən tanınaraq təsdiqlənmə işarəsi verilən Aysel Şükür “Giveaway” yarışlarına ilk başlayanlardandır. O deyir ki, oyunlarda əvvəlcə uduşa öz geyimlərini qoyub, daha sonra iki ev və maşınlar hədiyyə verib: “İlk “Giveaway” keçirənlərdən biri mənəm. Əvvəllər hədiyyə olaraq oyuna öz geyimlərimi qoyurdum. Nikah, xına paltarlarımı... Qalibləri də səhifəmdə paylaşırdım. Yarışda maşın, ev hədiyyə verirdim. Birinci boya-başa çatdığım evi oyuna qoymuşam, naxçıvanlı xanım qalib seçilib. Digər həyət evimi də qazanan xanım oldu. Bu mükafatları verməkdə məqsədim odur ki, izləyicilərim məni daha yaxından tanısın, sevsinlər. Mən də görsəm ki, kimsə belə jestlər edir, sevinərəm. Onsuz da dünya malı dünyada qalacaq. Bu sahədə rəqibim yoxdur. Rəqib olmaq üçün eyni səviyyədə olmaq lazımdır. Heç kimlə rəqabət aparmıram, heç kim də mənimlə rəqabət apara bilməz. Çünki uduzan onlar olar. Son zamanlar çox saxtakarlıq edənlər oldu. Özləri özlərini biabır, ifşa etdi. Bu hadisələrdən sonra daha çox həvəsə gəldim. Müraciət etdim ki, seçimlərdə kim istəsə iştirak etsin, hətta qalibi onun telefonundan seçək! Mən Elmira Namazova ilə birgə 25 saatlıq “Giveaway” etmişik. Bu rekordu yeniləyən yoxdur”. 
İnstaqram hesabında 900 mindən çox izləyicisi olan, keçirdikləri yarışda biznes, bahalı avtomobillər və külli miqdarda pul qazanmaq şansı təklif edən Elmira və Tural Namazovlar deyir ki, bu günə kimi “Giveaway” vasitəsilə “Galenwagen”, “Porsche”, “Hummer”, “BMW” və bir çox məşhur markalı avtomobili oyuna qoyublar: 
“Ən bahalı hədiyyəmiz “Galenwagen”dir. Bu günə kimi üç “Galenwagen” hədiyyə etmişik. Uduşda “Porsche” də olub. Hazırda “Hummer” uğrunda mübarizə gedir. Növbəti oyunda uduşa qoyacağımız “Hummer”i də artıq almışıq. İlk bahalı yarışımızda uduşa “Wrangler” qoyulub. Həmçinin uduşa qoyduğumuz “Audi” markalı avtomobili qazanan da var. “BMW” markalı maşını uduşa qoymuşduq. Bizim izləyicilərimizin, oyunda iştirak edənlərin 99 faizi qadınlar olduğu üçün uduşa “Mini Cooper” avtomobilini qoyuruq. Həmin maşın xanımlar tərəfindən sevilən ulduz bir avtomobildir. 10 “Mini Cooper” yarışı etdik, hamısı da reytinq verdi. Təbii ki, işlənməmiş avtomobil almırıq. İnşallah, sponsor qiymətləri yüksək olar, o zaman yeni maşınlar alarıq. Misal üçün, 4-5 “Mini Cooper” almışıq, yayda hədiyyə verəcəyik. Bu, bizim işimizidr. Qoyulan hədiyyələrin pulu rahat şəkildə çıxır. Ümumi olaraq bir məbləğ qazanılır”. 

Elmira Namazovanın sözlərinə görə, onlar üçün əsas məsələ oyun iştirakçılarının inamını qazanmaqdır: “Hər dəfə çalışırıq ki, insanlara oyunda daha şəffaf olduğumuzu göstərək. Düşündük ki, qaydalara əməl edən iştirakçıların siyahısına çıxaraq. Həmin siyahını paylaşırıq ki, hər bir oyunçu adını orada görsün. O zaman bilirlər ki, adı hansı nömrə altında yarışacaq. Tural (həyat yoldaşı- red) App Store-dən bir proqram tapdı, adı “Pretty Random”dur. Bunu “Random.org” portalı ilə səhv salanalar var. “Random.org” çox rahat bir saytdır və ona müdaxilə etmək mümkündür. Hansı ki, biz heç vaxt o saytdan istifadə etməmişik. Bizimki “Pretty Random” proqramıdır. Hər oyun zamanı silib, yenidən yükləyirik ki, şəffaflıq olsun. Bəzən o proqramın oxşarını yaradıb yükləyirlər. Baxırsan ki, dizaynı eynidir, lakin işləmə vəziyyəti başqadır və müdaxilə etmək rahatdır. İstəyən hər kəs canlı yayımda qalibi seçən zaman yanımızda ola bilər. Məqsədimiz oyunun tam şəffaf keçirilməsini təmin etməkdir. Bir çox qalibimiz yadımdadır. Bir qadının yoldaşının vəziyyəti yaxşı deyildi, fəhlə çalışırdı, boynunda yanıq var idi. Əməliyyat olunmalı idi. “Mini Cooper” qazandılar, xanımın yoldaşı maşını həyətdə görən zaman ürəyi getmişdi. “Galenwagen” qalibimiz isə hələ də maşını Sabirabbadda sürür və rayon sakinləri bizə yazır ki, hazırda evimizin qarşısından keçdi və oyuna daha həvəslə qatılırıq”. 

Nə düşünürsən?