MTV Azərbaycan kanalında yayımlanan "Üzə-düz" verilişinin qonağı bu səfər Azərbaycan mədəniyyətinin, incəsənətinin çox dəyərli simalarından biri, respublikamızın xalq artisti Mübariz Tağıyev olub.
BiG.AZ xəbər verir ki, aparıcının suallarını cavablandıran sənətkar xoş söhbəti ilə izləyicilərin marağına səbəb olub.
O bildirib ki, bu həyatda görəcəyi çox işlər var:
"Ölüm yoxsa yaşamaq daha çox həqiqidir? Ölüm sözündən heç xoşum gəlmir. Əlbəttə, yaşamaq. Yəqin o söz o insanlar üçün yaxşıdır ki, artıq həyatdan beziblər. Mən həyatdan bezməmişəm. O qədər görəcəyim işlər var ki, təsəvvür belə edə bilmərsiniz. Sanki nəyəsə tələsirəm. Ailəmə, nəvələrimə nədəsə kömək etmək istəyirəm. Amma həyatın sonu var. O biri dünyaya inanıram. Bilirəm ki, bir gün əcəl gəlib qapımı döyəcək. Deyəcək ki, Mübariz müəllim, durun, üzünüzü çevirin qibləyə, getdirsiniz. Hərdən sual verirlər ki, sənət adamı səhnədən nə zaman getməlidir? Belə sual olar? Sənət adamı özü bunu hiss edir! Nə zamanki tamaşaçının zəhləsini tökdü, səssiz-küysüz deyəcək ki, getdim. Amma bunu heç kim istəmir. Özümüzü tez səhmana salıb qayıdırıq. Əgər tamaşaçını itirmisənsə, özünə qarşı soyuqluq hiss edirsənsə, getməlisən".