Türkiyə şou biznesinin "imperator"u, məşhur müğənni İbrahim Tatlısəs "instagram" hesabından yeni video paylaşıb. Ancaq videonun fonundakı musiqi erməni dilində səsləndirilir. Halbuki, bu, Azərbaycananın məşhur "Evlərinin önü yonca" musiqisidir. Sözügedən əsərin tarixinə nəzər salsaq, görərik ki, bu musiqinin tarixi məhz ölkəmizlə bağlıdır. Belə ki, bu musiqi 1958-ci ildə İraqdan Azərbaycana gələn Sinan Səid və azərbaycanlı Nərminə Məmmədovaya məxsusdur. Əslən İraq türkməni olan Sinan Səid 1958-ci ildə İraqın paytaxtı Bağdad şəhərindən Bakıya radio aparıcısı kimi dəvət edilir. Və bir müddətdən sonra o, burada azərbaycanlı Nərminə Məmmədova ilə tanış olur. Məşhur Qiyasbəylilər nəsilindən olan Nərminə Məmmədovanın əsl adı Fəridə idi. Onlar bir müddətdən sonra birlikdə bir neçə musiqiləri ifa edirlər ki, bunlardan biri də məşhur "Evlərinin önü yonca" əsəri olub. Ermənilər isə hər zamankı ənənələrinə sadiq qalaraq, bu dəfə də, Azərbaycanın qədim musiqilərindən birinə sahiblənmək istəyirlər. Bütün bunlar bir kənara, İbrahim Tatlısəsin bu əsərin məhz erməni dilində səsləndirilən versiyasının öz videosunda əks olunmuş görüntülərini paylaşması haqlı olaraq azərbaycanlı izləyicilər tərəfindən tənqid edilib. Video hal-hazırda da, müğənninin "instagram" hesabında qalır.