AZ
Video yüklə

Azərbaycan kubokuna yekun vuruldu

5 baxış İdman xəbərləri
Şose velosipedinin kriterium növü üzrə Azərbaycan Kubokuna yekun vurulub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın Lənkəran şəhərində baş tutan II mərhələsinin sonuncu günündə 2009 (14 nəfər) və 2006-2008-ci il təvəllüdlü oğlanlar (19 nəfər) güclərini sınayıblar.

Kriterium növünün qaydalarına əsasən velosipedçilər dairəvi hərəkət ediblər. Onlar Şəhidlər Xiyabanının qarşısından start götürərək, Səttərxan, Hacı Zeynalabdin Tağıyev və Zərifə Əliyeva küçələrindən keçməklə 10 dairə (5 ara finiş) vurublar. İdmançılar ümumilikdə 30 km məsafə qət ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın nəticələrinə görə, 2009-cu il təvəllüdlü oğlanlar arasında Nihad Xudoyev birinci, Çingiz İsayev ikinci, Asiman Qasımov (ROEQİUGVM, 13 xal) üçüncü yerdə qərarlaşıblar.

2006-2008-də il təvəllüdlü oğlanların mübarizəsində isə Tural İsrafilov birinci, Ravi Rzayev ikinci, İsgəndər İsgəndərov üçüncü yerə layiq görülüblər.

Bu yarışdan sonra iki mərhələnin nəticələrinin cəminə görə Azərbaycan Kubokunun qalibləri də müəyyənləşib.

Belə ki, 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Timur Rəcəbov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun ən yaxın izləyicisi Ələsgər Bürcəlizadə ikinci, Nizam Cavadlı üçüncü yerlə kifayətləniblər.

2009-cu il təvəllüdlü oğlanların mübarizəsində Nihad Xudoyev qızıl, Çingiz İsayev gümüş, Asiman Qasımov bürünc medal qazanıblar.

2006-2008-ci il təvəllüdlü oğlanların yarışında isə Tural İsrafilov hamıdan çox xal toplayaraq Azərbaycan Kubokunun qalibi olub. Artyom Proskuryakov ikinci, Ravi Rzayev üçüncü yerə layiq görülüblər.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.