“Minsk 2019” 2-ci Avropa Oyunlarında çıxış edəcək Azərbaycanın güləş millilərinin yekun heyəti açıqlanıb.
Yarışda ölkəmizi ümumilikdə 16 pəhləvan təmsil edəcək. Sərbəst güləşdə 6, Yunan-Roma və qadın güləşinin hər birində 5 nəfər qüvvəsini sınayacaq.
Yekun heyətdə fiziki hazırlığı istənilən səviyyədə olmayan olimpiya çempionu Toğrul Əsgərovu Hacımurad Hacıyev, çəki problemi olan Cəbrayıl Həsənovu isə Aleksandr Qostiyev əvəzləyib.
Bundan başqa Belarusda Mahir Əmiraslanov, Hacı Əliyev, Nurməhəmməd Hacıyev və Cəmaləddin Məhəmmədov mübarizə aparacaq.
Yunan-Roma güləşçilərimizdən isə Sakit Əliyev, Kərim Cəfərov, İslam Abbasov, Orxan Nuriyev və Sabah Şəriəti ölkəmizin idman şərəfini qoruyacaq.
Qadın güləşçilərimizdən isə Mariya Stadnik, Alyona Kolesnik, Elmira Qəmbərova, İrina Netreba və Səbirə Əliyeva heyətə çağırılıb.
Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev Minsk-2019-da idmançılardan uğurlu nəticə gözlədiklərini bildirib.
Qeyd edək ki, 2-ci Avropa Oyunları iyunun 21-i 30-u aralığında keçiriləcək. Güləşçilər mübarizə ayın 25-dən etibarən qoşulacaqlar.