Türkiyədə qadını ölümlə təhdid edən azərbaycanlıya hökm oxundu

  • 16.03.2021
  • 0

Türkiyədə sosial mediada etdiyi canlı yayımda Həcər adlı qadını ölümlə təhdid edən Azərbaycan vətəndaşı Samir Balakişiyevə 1 il 3 ay həbs cəzası verilib, ancaq hökmün icrası təxirə salınıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu gün keçirilən məhkəmə iclasında müttəhim Samir Balakişiyev və zərərçəkən Həcər Qaraağac da iştirak edib. Silahla təhdid cinayətində ittiham olunan Samir Balakişiyev Həcər Qaraağaca ünvanladığı təhdidləri şou yaratmaq və izləyici kütləsi yığmaq məqsədilə etdiyini, daha sonra isə etdiyi hərəkətə görə Həcərdən üzr istədiyini bildirib. Məhkəməyə qatılan H. Qaraağac müttəhimi bağışladığını və şikayətçi olmadığını açıqlayıb.

Məhkəmə Samir Balakişiyev barədə “silahla hədələmək” ittihamı ilə 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarsa da, hökmün icrasını təxirə salıb. Məhkəmə, həmçinin şübhəlinin sərbəst buraxılmasına qərar verib.

Xatırladaq ki, cari ilin fevralında Türkiyənin sosial media seqmentində Azərbaycan vətəndaşı Samir B. adlı şəxs canlı yayım edərək Həcər adlı qadını  “Onu tapıb yandıracağam. Sonu Özgecan Aslan kimi olacaq” deyərək ölümlə hədələmişdi. Video sosial şəbəkələrdə sürətlə yayıldıqdan sonra Kiber Cinayətlərə Qarşı Mübarizə İdarəsinin Virtual Patrul qrupları tərəfindən faktla bağlı əməliyyat başladılmış və Samir Balakişiyev saxlanılmışdı.

Nə düşünürsən?