Sabiq səhiyyə naziri Əli İnsanov özünün sosial şəbəkə səhifəsində “16 İLDƏN SONRA PREZİDENT SARAYINA GƏLDİM!” başlığı ilə paylaşım edib. Ə.İnsanov öz paylaşımında Prezident Administrasiyasında “səmimi qarşılandığını” qeyd edib və administrasiyanın şöbə müdiri Ədalət Vəliyevlə görüşünə dair təəssüratlarını bölüşüb: “2021-ci il dekabrın 15-də, Azərbaycan Respublikasının Prezident Sarayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşdüm. 2 saata qədər davam edən, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlətimiz və xalqımız üçün vacib olan bir sıra məqamları geniş müzakirə etdik. Cənab Ədalət Vəliyev Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə məni təbrik etdi və partiyaya gələcək fəaliyyətində uğurlar arzuladı. Mən, dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim. Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm.”