Bakının Sabunçu rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən növbəti reyd aparılıb. Reyd aparılan zaman sürücülərdən biri polisin "saxla!" əmrinə tabe olmayıb. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 10-cu taqımının əməkdaşları Bakıxanov qəsəbəsində "10-XP-469" dövlət qeydiyyat nişanlı "QAZ-33023" markalı yük avtomobilinin sürücüsünə maşını şübhəli idarə etdiyi üçün "saxla!" əmri verib. Əmrə tabe olmayan sürücü polis əməkdaşlarından uzaqlaşmağa çalışıb. O, YPX əməkdaşları tərəfindən yaradılan süni tıxac sayəsində saxlanılıb. 1988-ci il təvəllüdlü sürücü Maksumov Aydın Nadir oğlu avtomobili sərxoş halda idarə etdiyinə görə, Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Lakin o, məntəqədə həkim müayinəsindən imtina edib. Sürücü sərxoş halda avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunub. A.Maksumov həmçinin "Report"un çəkiliş qrupuna hədə-qorxu gəlib. Avtomobil cərimə meydançasına yerləşdirilib.