Azərbaycanda tanınmış qadın vəfat etdi

  • 19.09.2018
  • 0

Tanınmış həkim-ginekoloq Əlizadə Lətafət Məmməd qızı dünyasını dəyişib. BiG.AZ-ın əldə etdiyi məlumata görə, o, ötən gün ürək çatışmamazlığından vəfat edib. Mərhumun 3 mərasimi sentyabrın 21-də Heydər Məscidində təşkil ediləcək. Qeyd edək ki, Əlizadə Lətafət Məmməd qızı Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Lətafət Məmməd qızı Əlizadə 1942-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1969-cı ildən Ana və Uşaqların Mühafizəsi ETU-nda kiçik elm işçi kimi çalışıb. Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında Əmək Veteranları Komitəsinin sədri, Yasamal rayonu Ağbircəklər Cəmiyyəti İdarə Heyətinin üzvü olub. 1992-ci ildən 1999-cı ilədək Təhsil Nazirliyinin nəzdində Tələbə və Müəllimlərin Xeyriyyə Fondunda sədr müavini işləyib. 2000-ci ildən Azərbaycan Respublikası Qadın Xeyriyyə Fondunda sədr müavini vəzifəsində ictimai fəaliyyətlə məşğul olub. Lətafət xanımın ictimai-fəaliyyəti müddətində milli mənəvi dəyərlərimizin qorunması, səhiyyənin inkişafı, sağlam mühitin yaradılması və inkişafı, vətəndaşların sosial problemlərinin həlli istiqamətində xalqımıza, dövlətimizə və cəmiyyətimizə əvəzsiz xidməti olub. Lətafət xanım Əlizadə Müharibə Veteranları Hərbçilər İctimai Birliyinin üzvü, ehtiyatda olan fəxri böyük leytenantdır. Qarabağ müharibəsi dövründə Tərtər, Qazax, Füzuli, Ağdam, Tovuz bölgələrində yerləşən hərbi hissələrdə günlərlə qalaraq döyüşçülərimizə qayğı və köməklik göstərib.

Nə düşünürsən?