Hərbi fotoqraf: "Müharibəni çəkməyi arzulamırdım"

  • 18.01.2018
  • 0

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində 702-ci briqadanın veteranı, fotoqraf Nurəhməd Vəliyevin fotosərgisinin açılışı keçirilib. PA TV-nin məlumatına görə, sərgidə nümayiş olunan fotolar 1993-1994-cü illərdə Füzuli rayonunda gedən döyüşləri və Horadiz əməliyyatını həyata keçirən 702-ci briqadanın fəaliyyətini əks etdirir: "Nə yaxşı ki, çəkmişəm. Hərçənd arzu etmirdim ki, mənim obyektivim müharibəni çəkəydi. Toy üçün, xoş günlər üçün çalışacağım bir sənəti seçmişdim. Belə alındı, müharibəni çəkdim. Toylarımızı da çəkdim". “AZERI DEFENCE” jurnalının dəstəyi ilə keçirilən sərgidə Nurəhməd Vəliyevin arxivindən 100 foto nümayiş olunub. Bu fotolar onun fotolarının bir hissəsidir. Fotoqraf-döyüşçü 1991-ci ilin sonlarından 1996-cı ilə kimi Qarabağ müharibəsində, Füzuli rayonunda keçdiyi döyüş yollarında qarşısına çıxdığı anları əbədiləşdirib: "Bugünkü tədbir əslində bizim döyüşən əsgərlərimizin fədakarlığı sayəsində və şəhidlərimizin qanı bahasına başa gələn tədbirdir. Bu, tək mənim tədbirim deyil. Mən, sadəcə, Allahın hökmü ilə o dövrü təsvir etmiş biriyəm". Ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, sərgilənən fotolarda Horadiz əməliyyatına qatılan hərbçilərin fotoları, əməliyyatda baş verən hadisələr qeydə alınıb: "1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı başladı. Nəticədə 23 yaşayış məntəqəsi, o cümlədən Horadiz və bu gün "Böyük Qayıdış"ın ilk addımı sayılan Cocuq Mərcanlı azad olundu. Bu bu əməliyyat və "aprel döyüşləri" onu sübut etdi ki, Azərbaycan öz torpaqlarını azad edə bilər". Tədbir şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin oxunması ilə başlayıb. Tədbirdə çıxış edən hərbi ekspert Üzeyir Cəfərov Nurəhməd Vəliyevin döyüş yolundan danışıb. O, hərb tarixinin öyrənilməsi baxımından fotoşəkillərin əhəmiyyətini yüksək qiymətləndirib: “Nurəhməd Vəliyev mənim üçün əfsanəvi adamdır. O, 702-ci hərbi hissənin döyüşçüsü və fotoqrafı olub. Bir zamanlar düşünməzdik ki, vaxt gələcək, bu şəkillərə bu qədər ehtiyacımız olacaq. Məhz Nurəhməd Vəliyevin çəkdiyi şəkillər nəticəsində 137 şəhidimizin kimliyi bəlli olub”. General-leytenant Yaşar Aydəmirov sərginin təşkilini əlamətdar hadisə kimi dəyərləndirib: “Müharibə tarixini hər zaman yaşatmaq bizim borcumuzdur. Bu şəkillər bizim tariximiz, keçmişimizdir. Bunlar yaddaşdır. Yaddaşı qorumayanda ağır nəticələri olur”. Ehtiyatda olan polkovnik Şair Ramaldanov, “AZERI DEFENCE” jurnalının rəhbəri Rəşad Süleymanov və başqaları Nurəhməd Vəliyevin fotolarının döyüş tariximizi öyrənmək baxımından əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, fotoqrafın arxivində 20 minə yaxın foto var. Gələcəkdə həmin fotolardan ibarət sərgilərin də təşkili nəzərdə tutulub. Sonda çıxış edən Nurəhməd Vəliyev tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Nə düşünürsən?