Akademik Zərifə Əliyeva adına liseydə "Görkəmli şəxsiyyətlərlə tanışlıq" layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüş təşkil olunub. APA TV-nin məlumatına görə, tədbir şagirdlərin ifasında yazıçının əsərlərindən hazırlanmış səhnəciklərlə başlayıb. Liseyin 9-11 sinif şagirdləri "Mütləq görüşərik", "Qırmızı Limuzin", "Gürcü familiyası", "Şəhərin yay günləri", "Təhminə və Zaur", "Mən, sən, o və telefon" əsərlərindən hazırlanmış qısa səhnəcikləri təqdim ediblər. Şagirdlər on iki bədii filmin və ondan artıq sənədli televiziya filminin ssenari müəllifi olan xalq yazıçısı Anarın onun ssenariləri əsasında "Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qorqud", "Dantenin yubileyi", "Ötən ilin son gecəsi", "Üzeyir ömrü", "İmtahan", "Qəm pəncərəsi", "Əlaqə", "Təhminə", "Otel otağı" bədii, "Dəniz", "Qobustan", "Bu, Səttar Bəhlulzadədir", "Nəsimi", "Daş saat", "Aşıqlar", "Bu Cavaddır" sənədli filmləri, "Evləri köndələn yar", "Nigarançılıq" film-tamaşaları haqda bilgilərini bölüşüblər. Daha sonra məktəblilərin təqdimatında hazırlanmış yazıçının filmlərini özündə əks etdirən qısametrajlı videoçarx nümayiş etdirilib. Xalq yazıçısı Anar şagirdləri maraqlandıran sualları cavablandırıb: "Sənətkar oğlu olanda yazıçı haqqında deyirlər ki, məhz valideynlərinə, mənsub olduğu soyada görə onu irəli çəkirlər. Əgər oğlu şair və yaxud yazıçıdırsa, onda da bunu başqa formada deyirlər ki, bunu da atası qabağa çəkir. Ona görə də bu çox mürəkkəb məslədir. Mən qəribə bir şeyi də sizə demək istəyirəm, bizim nəsildə deyirlər ki, niyə birdən üç yazıçı olub? İndi necə düşünürsüz? Mənim atam anama, anam isə atama deməliydi sən yazma, mən yazım? Mən də yazanda onlar deməyib ki, sən yazma. İnanın, mən də övladlarıma demirəm ki, siz niyə yazırsız? Ona görə kim bacarır, yazır". Görüşdə məktəblilər arasında "Breyn-rinq" təşkil olunub. Üç komanda arasında keçirilən yarışlara şagirdlərlə yanaşı, layihənin qonaqları yazıçı Rəşad Məcid, jurnalist-yazar Pərvin Nurəliyeva da qatılıb. Liseyin direktoru Mehriban Vəliyeva bu görüşlə Anarın 80 illik yubiley tədbirlərinə start verildiyini vurğulayıb: "Bu gün liseyimizdə əsl bayram əhval-ruhiyyəsi hiss olundu. 60-cı illər ədəbi nəslinin ən görkəmli nümayəndəsi yazıçı, nasir Anar müəllim qonağımızdır. Düşünürəm ki, biz çox xoşbəxtik, ona görə ki, bu il xalq yazıçısının 80 illik yubileyinə həsr olunmuş tədbirlərə məhz bizim liseydən başlandı". Tədbirin sonunda Akademik Zərifə Əliyeva adına liseyin fəal şagirdləri mükafatlandırılıb.





























