Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun asfaltlanması işlərinə start verilib.
Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Qeyd edilən yolların ümumi uzunluğu isə 70.4 kilometrdir.
Dövlətimizin başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa olunur.
“Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolda 5 və yanaşma yollarında daha 5 yeni avtomobil körpüsünün tikintisi də layihə üzrə icra olunan işlərdəndir. Körpülər əsas yolun təqribən 10, 22, 32 və 38-ci km-də, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci km-də inşa edilir. Bundan başqa Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi də davam etdirilir.Artıq layihə üzrə 26 dairəvi, 8 düzbucaqlı boru və 9 yeraltı keçid tikilib, 188 metr istinad divarı inşa olunub”, - AAYDA-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.
Yeni Xudafərin-Qubadlı-Laçın avtomobil yolu işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.
REAL


































