Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoludur.
REAL xəbər verir ki, başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39.7 kilometrdir.
Dövlət başçısının tapşırığına əsasən, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. İnşa edilən yolun hərəkət hissəsi 14 metr, çiyinlər isə 2x1,5 metr təşkil edəcək. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.
Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri və suni qurğuların inşası aparılır. Belə ki, yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yol yatağının inşası davam etdirilir. Artıq yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi və hamarlayıcı layın döşənməsi işlərinə də başlanılıb. Yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədi ilə 38 dairəvi boru və 7 düzbucaqlı su ötürücü, həmçinin yolun 1, 18, 19, 26, 30 və 38-ci km-lik hissələrində 6 yeni avtomobil körpüsünün inşası davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.
Bununla yanaşı tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 11 yerdə yolaltı keçidlərin tikintisi də aparılır. Artıq layihə üzrə nəzərdə tutulan 12 dairəvi boru və 4 yolaltı keçidin inşası yekunlaşıb. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
Görülən işlərə paralel olaraq, tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədi ilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də aparılır. Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgə inşa olunub. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.