Neftçalada teplovoz yük maşını ilə toqquşub, 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Hadisə iyunun 23-də günorta saatlarında Qazaxbərəsi kəndi ərazisində qeydə alınıb.
Belə ki, Azərbaycan Dəmir Yollarına məxsus teplovoz Qırmızıkənd-Dayıkənd mənzilində hərəkətdə olarkən “Şaqman” yük maşını qorunmayan dəmiryolu keçidində anidən qatarın qarşısına çıxıb. Nəticədə qatar yük maşınını dəmir yığınına çevirib.
Hadisə zamanı yük maşınının sürücüsü İmişli rayonunun Qaradonlu kənd sakini, 1995-ci il təvəllüdlü Fəxrəddinov Vüsal Rüstəm oğlu hadisə yerində ölüb.
Teplovozun sürücüsü Salyan rayon sakini, 1969-cu il təvəllüdlü İbadov İbad İnqilab oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının, FHN-nin, təcili yardım stansiyasının əməkdaşları və digər aidiyyati qrumların nümayəndələri cəlb olunub.
Qəzanın baş verdiyi əraziyə baxış keçirilib.
FHN-əməkdaşları tərəfindən maşında sıxılıb qalmış Vüsal Fəxrəddinovun meyiti çıxarılaraq aidiyyati üzrə təhvil verilib.
Yaralı İbad İbadov isə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


































