İnkişaf yoluna qədəm qoymuş Füzulidə bərpa və yenidənqurma işləri son sürətlə davam edir. Füzulidə aparılmış irimiqyaslı, əsaslı bərpa- yenidənqurma, tikinti- quruculuq işlərinin tarixi- strateji önəmi imkan verir ki, burada həyat üçün zəruri olan bütün şərait yaradılsın, sistemli, ardıcıl proqlamlar həyata keçirilsin. Bu xüsusda aparılan qiymətləndirmələr onu deməyə əsas verir ki, növbəti illərdə burada ilkin məskunlaşmalar da mümkün olsun.
Ötən gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuliyə səfərləri çərçivəsində səhiyyə və təhsil müəssisələrinin təməlqoyma mərasimlərində iştirakı, eləcə də burada həyata keçirilən abadlıq işləri ilə yaxından tanışlığı dediklərimizi bir daha təsdiqləyir.
XXI əsrin çağırışları və yeni trendlərinə müvafiq olaraq, təhsil sahəsində islahatlar çərçivəsində peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətilə son dövrlər paytaxt ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur. Füzuli şəhərində Peşə Liseyinin təməlinin qoyulması da bu istiqamətdə həyata keçirilən layihələrdən biridir. Lisey ildə 800-yə yaxın tələbə qəbul etməklə yanaşı, 1000-dək tələbə üçün qısamüddətli kurslar və ömürboyu təhsil proqramları həyata keçirəcək.
Bu ilin fevralında Ağdamda, mayın 10-da isə Füzuli rayonunda ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının inşası işğaldan azad olunan ərazilərin dirçəldilməsi istiqamətində 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması kompleks abadlıq-quruculuq işlərinin mühüm tərkib hissəsi kimi icra olunur. Sözügedən xəstəxana burada yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunmasında əvəzsiz rol oynayacaq.
Beləliklə, Azərbaycan Qarabağa "Böyük qayıdış"ı şərtləndirən daha bir mərhələyə keçid edib. İstər infrastruktur, istər tibbi sığorta sisteminin tətbiqi, istərsə də digər inzibati tədbirlər həm də sosial siyasətdə mühüm yer tutan islahatların uğurla və məqsədyönlü şəkildə davam etdirildiyini təsdiqləyir. İndi Füzuli sakinləri yalnız bərpa işlərinin sonlanmasını və doğma yurdlarına qayıdış gününü gözləyirlər.


































