Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Agentliyin bu il üçün tərtib etdiyi tədbirlər planına uyğun, rahat gediş-gəlişin təmin olunmasını, kənd təsərrüfatının inkişafını hədəfləyən yol infrastrukturu layihələrindən biri də Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yoludur.
Uzunluğu 11 km təşkil edən yolun eni 5 metrdir və IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.
Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yol çınqıl örtükdən və torpaq əsasdan ibarət idi. Bu səbəbdən yolda əmələ gələn çalalar, çökmələr, qabarmalar nəqliyyatın hərəkətində, ən əsası 3 yaşayış məntəqəsinin 19 mindən çox əhalisinin yoldan istifadəsində çətinliklər yaradırdı.
Agentlik tərəfindən qeyd olunan problemin aradan qaldırılmasına hesablanan layihə çərçivəsində yolun deformasiyaya uğrayan hissələri, yararsız qruntu qazılaraq çıxarılıb, torpaq yatağının bərpası, əks-dolğu və kipləşdirmə işləri aparılıb.
Tikinti zamanı 63 mövcud suötürücü borunun bərpası aparılıb. Layihə üzrə Balharı çayı üzərində inşa edilən 2 ədəd suötürücü qurğunun tikintisi də yekunlaşmaq üzrədir.
Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşların istifadəsinə veriləcək.

































