Bu gün Lider TV-də yayımlanan “Status” verilişində Bakıda fəaliyyət göstərən evakuatorlarla bağlı maraqlı məqama toxunulub. Mövzusu “parkinq mədəniyyəti və evakuatorlar” olan verilişdəki qonaq, aparıcı Teymur Əliyev evakuatorlardan yığılan pulların büdcəyə heç bir xeyir vermədiyini bildirib. O, 2016-ci illə bağlı Hesablama Palatasının rəsmi rəqəmlərinin də kifayət qədər maraq doğurduğunu qeyd edib. T. Əliyev bu xidmətin ümümiyyətlə lazım olmadığını hesab etdiyini deyib: “Evakuatorlar Dövlət Yol Polisinə məxsusdur? Əgər belədirsə, bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Hesablama Palatasının 2016-ci il üçün hazırladığı illik hesabatında göstərilib ki, son bir il ərzində evakuasiya xidməti nəticəsində dövlət büdcəsinə köçürülən məbləğin həcmi 42 min 80 manatdır. Mən bu rəqəmi görəndə şoka düşmüşdüm. Bu, 2104 maşının cərimələnməsi deməkdir. Burada böyük sual yaranır. Əgər evakuasiya xidməti nəticəsində büdcəyə də xeyir gəlmirsə, kimə xeyir gəlir və nəyə lazımdır? Ondansa, düzgün parkinq etməyən sürücülərin hamısını 20 AZN cərimələsinlər. O 20 manatlar da bank hesabı ilə büdcəyə köçürüləcək. Biz də heç olmasa biləcəyik ki, bu cərimələrin nəticəsində polislərin, müəllimlərin maaşı artırılıb. Yəqin ki fikir vermisiniz ki, evakuatorun haqqını qeyri-nəğd şəkildə ödəmək mümkün deyil”. Verilişin digər qonağı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə suallara belə cavab verib: “Mən də Dövlət Yol Polisi olaraq hesab edirəm ki, evakuator avtomobilləri ləğv edilməlidir: Amma əgər vətəndaş özünü haqlı sayaraq iki saatdan artıq yolun hərəkət hissəsində avtomobilini saxlayır və “cəriməsini ödəyərəm” fikiri ilə məsələyə yanaşırsa, deməli hələ də evakuator xidməti ləğv edilə bilməz”.