TR
Video yükle

Xarici blogerlər Gəncəyə səfər edib

16 izlenme Son haberler
"Show Me Azərbaijan" layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan xarici blogerlər Gəncədə Ermənistan ordusunun raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olublar.

APA TV-nin yerli bürosunun məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən layihədə ümumilikdə 12 sosial media fenomeni iştirak edir.

Qonaqlara məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Gəncəyə endirilən raket hücumları nəticəsində 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Oktyabrın 27-də və 28-də Bərdənin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində isə 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.

Qazaxıstanlı telejurnalist-bloger Daulet Mukayev Vətən Müharibəsi dövründə sosial şəbəkələrdə öz fəaliyyəti ilə Azərbaycan xalqına dəstək olduğunu bildirib:

“44 günlük Vətən müharibəsi zamanı Qazaxıstan da Azərbaycan, türk xalqına görə narahatlıq keçirirdi. Xüsusilə ermənilərin dinc əhaliyə qarşı hücumları yanlış addım idi. İstərdim ki, yer üzərində hər zaman sülh olsun və müharibə olmasın”.

Gəncədə xarici blogerlərlə birlikdə Ermənistanın raket hücumlarının baş verdiyi əraziyə baş çəkən türkiyəli fotoqraf-bloger Mustafa Sevən jurnalistlərə açıqlamasında qeyd edib ki, belə bir mənzərə ilə qarşılaşacağını bilmirdi:

“Qarabağ müharibəsində ermənilərin törətdikləri vəhşilikləri eşitmişdik. Bu, bir insanlıq cinayətidir. Azərbaycan xalqına və dünyaya keçmiş olsun. İnşallah, bu acılar geridə qalar. Bizim gəlişimizin məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır”.

Pakistanlı jurnalist-bloger Muhammed Şahabuddin Maxdum bildirib ki, müharibədə kimin haqlı, kimin haqsız olmasından asılı olmayaraq dinc əhali heç vaxt atəşə məruz qalmamalıdır:

“Gəncədə baş verənləri öyrənəndən sonra mən şoka düşdüm. Odur ki, mən dünya ictimaiyyətinin Gəncədə baş verənlərə göz yummayacağına inanıram. Çünki dünya bu haqsızlığa göz yummamalı, cinayətkarlar öz cəzalarını almalıdır.”

Blogerlər sabah Ağdama səfər edəcəklər. Ümumilikdə azərbaycanlı blogerlərin də daxil olduğu qrup Qarabağ bölgəsini, Azərbaycanı, onun maddi-tarixi və mədəni irsini beynəlxalq sosial şəbəkələrdə təbliğ edəcəklər.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.