TR
Video yükle

Ölkəmizin ərzaq təhlükəsizliyi

7 izlenme Son haberler
İlkin araşdırmalar göstərir ki, ötən bir il ərzində Azərbaycan minimal istehlak səbətinə daxil olan və daha çox idxal hesabına ödənən əsas ərzaq məhsulları üzrə ehtiyatlarını 30-35 faiz artırıb. Bu məhsullar üzrə 2021-ci ilin sonuna ölkədə mövcud olan ərzaq ehtiyatı 2020-ci ilin sonuna olan göstəricilərə nisbətən də 30 faizdən çox artıb. Həm də 2022-ci ilin yanvar-fevral aylarında ölkəyə bu məhsulların idxalı bir il öncəki göstəriciləri bir neçə dəfə üstələyib.

Dövlət Statistika Komitəsinin məlumatlarından belə aydın olur ki, elə 2020-ci ilin sonlarında Azərbaycan bu məhsulların mövcudluğu üzrə müstəqillik dövrünün ən yüksək göstəricilərinə malik olub. İdxal hesabına ödənən ərzaqlardan ilk yerdə buğda gəlir və statistik göstəricilərə görə, 2020-ci ilin sonunda ölkənin iri dəyirmanlarının anbarlarındə 484 min ton hazır buğda unu olub ki, bu, bütün Azərbaycanın buğda ununa olan 4 aylıq tələbatına bərabərdir. Buğda unu üzrə 2021-ci ilin sonuna olan qalıq göstəricisi isə 630 min tona bərabərdir ki, artıq bu, ölkənin toplam 5 aylıq ehtiyacını ödəyə bilər.

Lakin onu da nəzərə almaq lazımdır ki, iri dəyirmanlar əsasən şəhərlərin və bəzi regionların kəndlərinin əhalisinə xidmət edir. Amma Azərbaycanın Şəki - Zaqatala, Gəncə - Qazax kimi əhalinin sıx yaşadığı regionlarında kənd dəyirmanları hələ də fəaliyyət göstərir və kəndlilərin böyük əksəriyyəti həm ərzaq, həm də yemlik buğdaya olan ehtiyaclarını özləri təmin edirlər. Bu kənd dəyirmanları Azərbaycanda hələ orta əsrlərdən formalaşmış qaydaya görə, xidmət haqqını pulla deyil, hazır unun 30 faizi ilə alırlar ki, bu un daha sonra rayon şəhərlərinin çörək sexlərinə satılır. Şəmkir, Tovuz, Şəki, Qax və s. rayon şəhərlərində , qismən də Gəncənin çörək məmulatları yerli undan hazırlanır. Yerli un Bakının bəzi çörək sexlərinə də gətirilir. Yəni iri dəyirmanların anbarlarındakı qalıq un hətta yarım ildən çox müddət üçün yetərlidir. Bununla yanaşı, ölkənin iri anbarlarında 800 min tona yaxın üyüdülməmiş buğda saxlanır ki, bu da potensial un ehtiyatlarını iki dəfə artırır.

Buna paralel olaraq, Azərbaycan həm də 2022-ci ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövründə baxanda buğda idxalını artırıb və ölkəyə 150 min ton buğda gətilib. Halbuki, 2021-ci ilin uyğun aylarında isə Azərbaycan cəmi 22 min ton buğda idxal edilmişdi.

Ölkədə əsasən idxal hesabına təmin edilən digər əsas ərzaq məhsulu - şəkərlə də bağlı problem yoxdur. İlkin məlumatlara görə, 2021-ci ilin sonunda ölkədə şəkər mövcudluğu 650 min tona yaxın olub, 2020-ci ilin sonlarında isə bu rəqəm 500 min tona yaxın olmuşdu. Bu, yaxın iki il müddətinə həm Azərbaycanın daxili tələbatını, həm də icracı ödəyə bilər.

Bununla yanaşı, Azərbaycan 2022-ci ilin yanvar - fevral aylarında ölkəyə şəkər idxalını, ötən ilin eyni dövrü ilə müqayisədə 37,5 faiz artırıb.

Azərbaycan digər həyati vacib ərzaq məhsulları - süd və süd məhsulları, ət və ət məhsulları üzrə isə özünü təmin etmək səviyyəsindədir. Bu məhsulların istehlakında idxalın payı maksimum 10 faizdir ki, lazımi logistika təşkil edildikdə, qısa müddətə bu asıllığı da aradan götürmək olar. Ölkənin digər önəmli ərzaq məhsullarının istehsalında təhlükəsizlik səviyyəsinə çatılıb və iqtisadçı ekspert Amal Həsənli Real TV-yə müsahibəsində bu göstəricilərə son 30 ildə aparılan ardıcıl siyasət nəticəsində nail olunduğu bildirir.

Amal Həsənli: "1995-ci ildə Azərbaycan Respublikasında ümumi sabitləşdirmə proqramının həyata keçirilməsinə başlanılmış və ümumi daxili məhsulun perspektivi genişləndirilib. 1996-cı ildə Beynəlxalq Valyuta Fondundan bizə ayırmalar olub və bu ayırmalar hesabına biz ölkənin sabitliyini bərpa etməyə başladıq. Sonra pul-monetar siyasətini kəskin sürətdə radikallaşdırıq və sərtləşdirdik. Valyuta məzənnəsinin, o cüilədən iqtisadiyyatın liberallaşdırılması istiqamətində bir sıra addımlar atdıq. Məhz bu addımların hesabına 2001-ci ildə ümumi milli liderimiz Heydər Əliyev tərəfindən «Azərbaycan Respulikasının ərzaq təhlükəsizliyi proqramı» barədə sərəncam verdi və bir iqtisadçı kimi mənim fikrimcə, bu, tam vaxtında atılmış bir addım idi. Yerli kənd təsərrüfatı məhsullarının inkişafına şərait yaradılması və ərzaq məhsullarının qiymətlərinin sabit şəkildə qorunması, sabit şəkildə saxlanılmasına yönəldilmiş addımlar idi. İkinci addım kimi kəskin ərzaq qıtlığının qırşısının alınması. Məlum məsələdir ki, dünyada gedən bütün proseslər, ilk növbədə onu deyim ki, hər bir ölkəyə, yəni əlaqəli ölkələrə, dünyada baş verən proseslərlə əlaqəli olan ölkələrə təsirini göstərir".

Zaman göstərir ki, 2000-ci illərdə Azərbaycanda ərzaq təhlükəsizliyi proqramının qəbul edilməsi qaçılmaz addım idi. O dövr dəqiq rəqəm səslənməsə də, ölkənin idxal ərzaqdan asılılığı 40 faizdən çox idi. Amma BMT-nin kənd təsərrüfatı idarəsi FAO-nun apardığı tədqiqatlar göstərir ki, 2013-cü ildə bu asılılıq 22 faizə düşüb. Bu fakt həmin dövr Azərbaycanın götürdüyü strateji xəttin doğru olduğunu sübut edir.

«Azərbaycan hökumətinin iki mərhələdən ibarət strategiyası öz öhdəsinə götürüldü Azərbaycan hökuməti tərəfindən. Hansılardır? İslahatlar aparılığı müddətdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün qısamüddətli və orta müddətli keçid tədbirlərinin hazırlanması və onlrın tətbiqi nəzərdə tutulmuşdu. İkincisi isə, buradan irəli gələn özəl fermer təsərrüfatlarına şəraitlərin yaradılması idi ki, bu şəraitlərin yaradılması birinci növbədə ölkə daxili tələbatların ödənilməsi hədəf kimi götürülmüşdü. İkinci strategiya kimi isə, əsasən, ərzaq təhlükəsizliyi sahəsində uzun müddətli tədbirlərin başlıca məqsədi olaraq, kənd təsərrüfatının gəlirliliyinin artırılması və ora daxil olan investisiyların cəlb edilməsi dururdu ki, məhz bu sərəncan hesabına, ölkə rəhbərliyi tərəfindən atılan addım hesabına Azərbaycanda ərzaq təhlükəsizliyinin sabitliyinin qorunub saxlanılmasına başlanıldı və hal-hazırda davam etməkdədir, qoyulmuş strategiya düzgün şəkildə irəliya gedir».

Təbii ki, bu xətt bundan sonra da davam edilməlidir. Çünki buğda, şəkər və bitki yağları üzrə də Azərbaycanın yerli istehsalı özünütəmin səviyyəsinə qalxmalıdır. İşğaldan azad edilmiş ərazilər Azərbaycana məhz bu istiqamətlər üzrə yerli xammala dayanan istehsal qurmağa imkan yaradacaq. Bu bölgələrdə aqrar innovasiyalar əsasında istehsal qurulmalıdır və orda qazanılan təcrübə bütün ölkə ərazisinə yayılmalıdır.

Bu, həm Azərbaycanın getdikcə artan əhalisinin tələbatının ödəməyə, həm də ərzaq ixracından ciddi gəlirlər əldə etməyə imkan verəcək. Ərzaq ixracı post-neft dövrü üçün Azərbaycanın qeyri-neft valyuta gəlirlərinin əsas komponentinə çevrilə bilər və milli iqtisadi siyasət yaxın on illər boyunca buna yönəldilməlidir.

REAL

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.