AZ
Video yüklə

Zəngilanda Qurban bayramı qeyd edilib

40 baxış Sosial xəbərlər
Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə bir qrup Zəngilanın Ağalı kənd sakini öz doğma kəndlərinə gələrək burada görülən işlərlə tanış olublar.

Azad edilmiş ərazilərdə salınan ilk “Ağıllı kənd”in sakinləri olmaqdan qürur hissi keçirən vətəndaşlar tezliklə kəndə qayıtmaq, burada həmişəlik yaşamaq niyyətində olduğunu bildiriblər.

Ağalı sakinlərinin 28 il sonra öz kəndlərinə gəlişi Qurban bayramına təsadüf edib. Kənd sakinləri bu il niyyət etdikləri qurbanları Ağalının mərkəzi meydanında kəsiblər.

Qurbanlıqlar kəsildikdən sonra sakinlər daha bir arzularına çatıblar. Onlar doğma yurdlarında ilk dəfə yemək bişirib, süfrə açıb, Qurban bayramını qeyd ediblər.


Sakinlər tezliklə öz yurdlarına qayıtmaq niyyətində olduqlarını, azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində həvəslə iştirak eədəcklərini bildiriblər.

AĞALI KƏND İCRA NÜMAYƏNDƏSİ GƏRAY HÜSEYNOV

"Cənab Prezidentin çağırışı ilə Ağalı sakinləri sevinc hissi ilə öz kəndimizə qayıtmağa hazırlaşırlar. Ağalı camaatı əhd etmişdi ki, torpaqlarımız işğaldan azad olunsun, gəlib öz qurbanlarımızı kəndimizdə kəsək. Şükürlər olsun ki, bu bizə nəsib oldu, camaatımız istəklərinə nail oldu. Sakinlərimiz Cocuq Mərcanlıdan bura qədər göz yaşı tökərək gəliblər, amma bu, sevinc göz yaşları idi. Onlar gələn kimi ilk olaraq əyilib bu torpaqdan öpdülər. Dedilər Şükürlər olsun ki biz bu gün Ağalı kəndinə qayıtmışıq. Onlar gəlib bu layihəni görəndən sonra, bu evləri görəndən sonra sevinclərinin həddi hüdudu olmadı"


Qeyd edək ki, “Ağıllı kənd”də evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

AĞALI KƏND SAKİNİ FİRƏNGİZ SƏLİMOVA

“Burada bizim üçün gözəl şərait yaradırlar. Bizim üşün gözəl evlər tikirlər. Hər bir şərait yaradılır. Zəhməti keçənlərin hər birinə təşəkkür edirəm. Minnətdarıq ki, əziyyətimizi şəkib bizi kəndimizə gətiriblər. Həm də Qurban bayramı günü. Bizim üçün bundan gözəl nə ola bilər. Bayram günü bizə çox gözəl töhvədir”.

Qeyd edək ki, aprelin 26-da Zəngilan rayonunu Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad olunmuş ərazilərdə salınacaq ilk “Ağıllı kənd”in təməli qoyulub. Bununla da ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.