Saatlıda su problemi həll edilib

  • 19.03.2022
  • 0

Saatlı rayonunun əvvəllər Qarayevkənd adlanan Orta Muğan kəndinin içməli su təchizatı indiyədək modul tipli sutəmizləyici qurğu hesabına təmin olunub. 2010-cu ildə quraşdırılmış modul tipli sutəmizləyici qurğuda suvarma kanalının suyu təmizlənərək əhaliyə verilirdi. Qurğu uzun illər istifadə olunub və istismar müddətini başa vurub. Üstəlik, son illər suvarma kanallarında suyun azalması və bəzi hallarda quruması nəticəsində qurğunun istismarı mümkünsüz olub. Bu səbəbdən son illər yay aylarında kənd sakinlərinin içməli su təminatında ciddi problemlər yaranırdı. Həmin dövrdə əhalinin içməli su təminatı uzaq məsafədən maşınlarla daşınan su hesabına ödənilirdi. Bütün bunlar nəzərə alınaraq kənddə yaranan su çatışmazlığının həlli məqsədilə yeni layihənin icrasına başlanılıb. “Azərsu” ASC-nin daxili imkanları hesabına həyata keçirilən layihə subartezian quyusunun qazılması və buradan çıxarılan codluğu yüksək olan suyun içməli su standartları səviyyəsində təmizlənməsini nəzərdə tutur. Bu məqsədlə ərazidə subartezian quyusu qazılaraq işlək vəziyyətə gətirilib. Quyudan çıxan su 20 kubmetr tutumu olan xam su anbarında toplanır. Emala ötürülən su Amerika istehsalı olan əsk-osmos tipli sutəmizləyici qurğuda əvvəlcə qum və kömür süzgəclərindən keçirilir, asılı maddələrdən tam təmzilənir.

Emaldan keçən su şəbəkəyə ötürülməzdən öncə zərərsizləşdirilir. Suyun keyfiyyətinə regional laboratoriyanın səyyar laboratoriyaları tərəfindən mütəmadi nəzarət olunur. Şəbəkəyə ötürülən su ümumi istifadə üçün quraşdırılmış 15 bulaq vasitəsilə sakinlərə çatdırılır. Yeni qurğu Saatlı rayonunun Orta Muğan kəndinin 3 minə yaxın sakinini keyfiyyətli və təhlükəsiz içməli su ilə təmin edir.

REAL

Nə düşünürsən?