Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Hər kəs öz istəyi ilə qarşılığı gözlənilməyən fəaliyyət göstərə və bununla cəmiyyətə, təbiətə xidmət edə və ya öz peşəsi üzrə təcrübə, bilik, dostlar qazana bilər. Qəhrəmanımız Jalə Rəfiyeva da könüllüdür. O, deyir ki, könüllü fəaliyyət göstərmək onun üçün təcrübə qazanmağa bir fürsətdir. Bu gün onların günüdür. Gördüyü işin müqabilində heç bir təmənna güdməyənlərin. 5 dekabr 32 ildir ki, BMT Baş Assambleyasının təklifi ilə iqtisadi və sosial inkişaf naminə Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Azərbaycanda öz mexanizmi, öz bazası olan könüllülər sinifi formalaşıb. Bu gün ətraf mühitin mühafizəsi, xeyriyyə aksiyaları, beynəlxalq səviyyəli tədbirlərdə gənc könüllülərin rolu danılmazdır. Təkcə bu il İslam Həmrəyliyi Oyunlarının təşkil edilməsi işlərində 12 min könüllü iştirak edirdi. Ölkədə könüllülərin qatıldığı sahələrin coğrafiyası genişdir. Onlara dövlət, eləcə də qeyri dövlət təşkilatlarında, müxtəlif sahələrdə rast gəlmək olur. Azərbaycanda gənclərin fəliyyətində könüllük xüsusi yer tutur. Təsadüfi deyil ki, MDB ölkələri arasında ilk dəfə olaraq könüllülklə bağlı qanun məhz ölkəmizdə qəbul edilib. Ayrıca hər yaş dövrünü əhatə edə bilən könüllülük prinsipi gənclərə ünsiyyət, kollektivlə işləmə bacarığı, təcrübə imkanları ilə yanaşı pis vərdişlərdən uzaq olma imkanı qazandırır.