AZ
Video yüklə

Ermənilərlə mübarizə aparan Çıraqovlar kimdir?

43 baxış Sosial xəbərlər
“Laçından çiçəklər gətirmişik. Onu qurudub 25 ildir ki, 12 vərəqli dəftərin içində saxlayırıq. Öz həyətimizin çiçəkləridir. Hər rəhmətə gedənimizin üstünə o çiçəklərdən birini qoyuruq. Çiçəklərin çoxu azalıb. Elə olub ki, uşaqlar açıb dəftərə baxanda yarpaqlar sürüşüb yerə düşüb. Çünki uşaqlar onun qiymətini bilmir”

Bunları 25 ildir, Laçından uzaq qalan, bu günlərdə təmsil etdikləri soyadla bağlı işlə yenidən gündəmə gələn Adışirin Çıraqovun həyat yoldaşı Nübar Çıraqova bizimlə söhbətində deyir.

Onlar kənddən didərgin düşəndə böyük qızı 10-cu sinifdə, oğlu 9-cu sinifdə, evin sonbeşiyi isə 3-cü sinifdə təhsil alırmış. Ailənin böyük övladının Tibb Universitetində təhsil almaq arzusu olduğundan həyətdən çiçəklərin yarpaqlarını yığıb saxlayırmış.

“Laçından çıxmağımız bizi çox şeydən geridə qoydu. Oğlum riyaziyyatı çox yaxşı bilirdi. Burada gəlib ali təhsil ala bilmədi. Evimiz dolanışıqsız qaldı. Laçın heç yaddan çıxılası dərd deyil. Bu, ancaq balaca uşaqların yadından çıxar. İnsan havayla, suyla yaşayır. Burada sanki havasız, susuzuq. Düzdür, Azərbaycanın hər yeri vətəndir. Amma insana doğulduğu yer vətəndir. Biz o torpaqda böyümüşük, yaşamışıq. Ona görə o torpaq bizə daha çox əzizdir”, - deyə N. Çıraqova bizimlə söhbətə davam edir.

Çıraqovlar ailəsi 1992-ci ildən Bakıda məskunlaşıb. Hazırda Xətai rayonunun NZS qəsəbəsində yaşayırlar. Onlar Ermənistana qarşı haqq mübarizəsi aparırlar. Dağılmış mülklərinin, məcburi köçkün həyatı yaşamaqlarının maddi və mənəvi təzminatını Ermənistandan tələb edirlər.

Buna görə də artıq 12 ildir ki, bu soyadın sorağı nəinki Azərbaycan ictimaiyyətinə, bütün Ermənistana və Avropaya tanışdır.

70 yaşlı Adışirin Çıraqov, onun qardaşı 67 yaşlı Elxan Çıraqov və daha dörd nəfər şikayətçi “Çıraqov və başqaları Ermənistana qarşı” adlı işlə Ermənistanı Avropa İnsan Haqları Məhkəməsində get-gələ salıblar.

Bu günlərdə məhkəmə onların hər birinə 5 min avro vəsait ödənilməyi haqda qərar qəbul edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.