Bənzəri olmayan genosid
10 baxış
Sosial xəbərlər
Xocalıdan məcburi köçkün olan 64 yaşlı Raya Əbdülova 26 ildir ki, ürəyində Xocalı boyda dərd gəzdirir. Bu soyqırım onun həyatında ağrılı-acılı izlər qoyub. Erməni vəhşiliyi nəticəsində 20 yaşlı oğlunu, bir də ömür-gün yoldaşını itirib. Raya xanım deyir ki, o gecə səmanın üzünü qara bulud alanda, göy üzündə güllələr yağış kimi yağanda həyat yoldaşı Yelmar və oğlu Zahid Əbdülov uşaqların və yaşlıların kənddən çıxarılmasına kömək ediblər. Xocalının bir qarışını belə düşmənə verməmək üçün sonadək mücadilə aparıblar. Nəticədə ermənilər ata ilə oğulu əsir götürüb olmazın işgəncələrə məruz qoyublar. Qadın deyir ki, həyat yoldaşını dəfn etdiyinə görə ürəyində heç olmasa, təsəlli var. Amma oğlundan bu günə qədər xəbər çıxmaması ona yuxularında da rahatlıq vermir. Dərddən saçlarını bir gecədə ağardan ananın sözlərinə görə, oğlu Zahiddən həmişə nigaran olub. Onu itirəcəyi hər dəfə ürəyinə damırmış. Çünki Zahid çılğın idi. Torpaqları düşməndən azad etmək üçün döyüşlərə, odun-alovun içinə atılmağı özünə borc bilirdi. Hələ bu, harasıdır? Bu qadını qarşıda həyatın daha bir “acı sürprizi” gözləyirdi. Həmvətənləri kimi onun da taleyinə köçkünlük həyatı yazılacaqdı. Raya Əbdülovanın sözlərinə görə, Xocalı soyqırımı baş verməmişdən əvvəl həyət-baca tez-tez top-tüfəng atəşinə məruz qalırdı. Amma yurd-yuvasını birdəfəlik tərk edəcəyini ağlına belə gətirmirdi. Dediyinə görə, hadisədən sonra kəndi ən son tərk edən onun ailəsi olub. Həyat yoldaşını və oğlunu itirəndən sonra digər övladları ilə birlikdə Bakıya pənah gətirib. Yumruq boyda ürəyə vətən, torpaq, ömür gün yoldaşı və oğul itkisini sığdıran qadın təəssüf ki, bu sınağı da yaşamalı olub. Paytaxtdakı yataqxanaların birində məskunlaşsa da, çox keçmədən dövlət hesabına mənzillə təmin edilib. Daha sonra Xocalı hadisələrində göstərdiyi fəallığa görə, ümummilli lider Heydər Əliyev onun həyat yoldaşını ölümündən sonra “igidliyə görə” medalı ilə təltif edib. İndi Raya xanımın yeganə arzusu doğmalarından geriyə qalan bu şəkillə təsəlli tapıb, yurd-yuvasına geri dönməkdir. Bir gün o yerlərə qayıdacağı günü səbirsizliklə gözləyir. Xocalı sakinlərinin əksəriyyəti demək olar ki, Raya Əbdülovanın taleyini yaşayır. Xocalılar arasında elə bir ailə yoxdur ki, şəhid verməsin, yaralanmasın ya da əsir götürülməsin. Dünya tarixində xalq olaraq bir çox soyqırımlara məruz qaldıq. Amma ən dəhşətlisi 20-ci əsrin Xocalı soyqırımı oldu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıda azərbaycanlılara qarşı soyqırım törətdi. Ermənilərin məqsədi dinc əhaliyə divan tutmaq idi. Onlar Xocalıya vəhşicəsinə hücum edərək insanların başlarını bədənlərindən ayırdılar, gözlərini çıxardılar, hamilə qadınları təcavüzə məruz qoydular. Beləliklə, 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 nəfər qətlə yetirildi. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Girov götürülənlərdən 68-i qadın və 26-ı uşaq olmaqla 150 nəfərin taleyi bu günədək məlum deyil. Yalnız 335 nəfərin meyitini dəfn etmək mümkün olub. O zaman dünya mətbuatı ermənilərin törətdiyi bu vəhşiliklərdən yazdı. Amma görünür bu qədər faktlar Xocalının soyqırım kimi tanıdılmasına yetmədi. Haqsızlığa bütün dünya susdu. Özü də düz 20 il. Baş verənlərə baxmayaraq, biz susmadıq. Səsimizi dünyaya çatdırdıq, Xocalının soyqırım kimi tanınmasını tələb etdik. Milli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində bu sahədə müəyyən irəliləyişlər əldə olundu. "Xocalıya ədalət!" kampaniyası çərçivəsində hazırlanan kitab, buklet və fotoların xarici auditoriyaya çıxarılması erməni lobbisinin iç üzünü bir daha ortaya qoydu. Bunun nəticəsində Amerikanın 20-dən çox ştatı və bir sıra Avropa ölkələri bu hadisəni soyqırım kimi tanımağa başladı. Azərbaycan Xocalıda baş verən bu vəhşiliklərə hüquqi qiymət verilməsini və ermənilərin törətdiyi soyqırımın beynəlxalq səviyyədə tanıdılmasıni tələb edir, bu istiqamətdə yenə də kampaniyalar aparır. Amma təəssüf ki, Xocalını soyqırım kimi tanımayan və yaxud da tanımaq istəməyən bəzi ölkələr var. Bu gün 26 illiyini qeyd edən Xocalı soyqırımına dünya miqyasında hələ də hüquqi qiymət verilməsə də, bu vəhşilik “əsrin dəhşətli hadisəsi” kimi tarixə yazılıb.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.