Bakıda Novruz yarmarkaları: Qiymətlər necədir?

  • 03.03.2019
  • 0

Bu gündən etibarən Novruz bayramı ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək.

Yarmarkalar əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə keçirilir.

Axar.az-ın əməkdaşları adı çəkilən yarmarkalardan birində olub və qiymətlərlə maraqlanıb.

Nərimanov rayonunda F.X.Xoyski prospektindəki Qələbə meydanında (metronun Gənclik stansiyasının çıxışı) təşkil olunan yarmarkada qiymətlər bazar qiymətindən xeyli fərqlənir. Belə ki, yarmarkada ət 9 manata təklif edilir. Səmənilər ölçüsündən asılı olaraq 1-3 manat arasında dəyişir.

Qabıqlı qoz-fındıq 5 manat, fındıq ləpəsi 12-14 manat, qoz ləpəsi 8-14 manat, innab 6-10 manat, iydə 4-6 manat, kişmiş 8-16 manat, kənd çolpası 5 manat, yumurta 0.25 manat, nehrə yağı 10 manat, motal pendiri 12, digər pendirlər 4.5-7 manat, göyərti 10-16 qəpik, pomidor 3.50 manat, xiyar 3 manat, nar 1.20 manat, alma 2, armud 2-3 manatdır.

Yarmarkada müxtəlif bölgələrdən olan fermerler, sahibkarlar alıcılara geniş çeşiddə kənd təsərrüfatı məhsullarını təqdim edir. Belə ki, Bakı şəhərində təşkil olunacaq 14 yarmarkada 42 rayondan 52 adda məhsul satışa çıxarılacaq.

Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə Bakı Şəhər İcra Hakimiyəti, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən nəzarət olunur.

İlk gün olmasına baxmayaraq, yarmarkaya gələn alıcıların sayı kifayət qədər çoxdur. Alıcılar qiymətlərin aşağı olmasından razıdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da ilk gün yarmarkaya gələnlər sırasındadır. O, qiymətlərlə maraqlanıb, satıcılarla və alıcılarla söhbətlər edib.

Bakıda 14 ünvanda keçiriləcək yarmarkaların ünvanlarını təqdim edirik:

– Yasamal rayonunda H.Cavid prospektində, AMEA-nın binasının qarşısındakı parkda;

– Nərimanov rayonunda F.X.Xoyski prospektindəki Qələbə meydanında (metronun Gənclik stansiyasının çıxışı);

– Nizami rayonunda iki yerdə – Qara Qarayev prospekti 55/57 ünvanının qarşısındakı “Orbita” ticarət mərkəzinin avtomobil dayanacağında və C.Naxçıvanski küçəsi 74-də 8-ci kilometr yarmarkasında;

– Səbail rayonunda iki yerdə – Seyran Məmmədov küçəsi 6 ünvanında və Nizami küçəsi 154-də “Landmark” mehmanxanasının yanında;

– Binəqədi rayonunda 7-ci mikrorayondakı Kunanbayev küçəsində;

– Xətai rayonunda Məzahir Rüstəmov küçəsinin Sarayevo və S.Ə.Şirvani küçələri ilə kəsişməsində;

– Qaradağ rayonunun Lökbatan qəsəbəsində;

– 28 May küçəsindəki Olimpiya İdman bazasının qarşısında;

– Nəsimi rayonunda Mərdanov Qardaşları küçəsi 59 ünvanında;

– Pirallahı rayonunda Pirallahı qəsəbəsindəki K.Rzayev küçəsi 14-də qeyri-yaşayış obyektində;

– Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin M.Fətəliyev küçəsi 72 ünvanında;

– Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Yeni Günəşli “V” yaşayış sahəsindəki “Günəş” ticarət mərkəzində və Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki S.Yesenin küçəsi, döngə 2 ünvanında.

Nə düşünürsən?