Meşələri qorumaqda ona ən yaxın sirdaşı, eləcə də vəfalı dostu olan atı da kömək edir. Oxu.Az Xezerxeber-ə istinadən bildirir ki, Sima Məmmədovanın 63 yaşı var. O, İsmayıllı rayonunun Yeniyol kənd sakinidir. Ömrünün böyük hissəsini övladları ilə birgə rayonunun, doğma kəndinin təbiətinin qorunmasına həsr edib.Tanıyanlar kişi qeyrətli bu qadının kişilərin belə, çətinliklə öhdəsindən gəldiyi bir peşənin sahibi olduğunu yaxşı bilirlər. Sima Məmmədova İsmayıllının Yeniyol, Qərsələ, Aşağı Qaraqaya, Yuxarı Qaraqaya, Sədiyan, Yuxarı Diyallı kəndlərinin meşələrində meşəbəyilik edir. Bu peşədə çalışan yeganə qadın olmasına baxmayaraq, işinin öhdəsindən layiqincə gəlməyi bacarır. Sima nənə deyir ki, maraqlı, fərqli, çətin olduğu qədər də riskli peşənin sahibidir. Artıq o, özünü dağlarsız ucu-bucağı görünməyən meşələrsiz təsəvvür edə bilmir. Əsrarəngiz və həyat dolu meşələrdə dəfələrlə yırtıcı heyvanlarla qarşılaşsa da, əsla qorxmadığını deyir. Artıq 12 ildir meşələri mühafizə edən Sima Məmmədova müxtəlif maraqlı hadisələrlə də qarşılaşıb. Ona bu işdə ailəsi də böyük dəstək verir. Kənd sakinləri də Sima Məmmədovanın qadın olmasına baxmayaraq, meşəbəyi vəzifəsinin öhdəsindən layiqincə gəldiyini bildirirlər. Gününü, zamanını dağlar qoynunda keçirən Sima nənə ömrü yetdikcə bu işi davam etdirmək arzusundadır.