Sosial şəbəkələrdə Qazaxda Təcili Tibbi Yardım binasının bərbad vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb. Yayılan görüntülərdə danışan Təcili Tibbi Yardım işçisi binada şəraitin bərbad olduğundan şikayətlənib. Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, hazırda sözügedən binada təmir işləri aparılır: “Mart ayının 3-də Qazax rayon Mərkəzi xəstəxanasının 145 çarpayılıq yeni binasının açılışı olub. Xəstəxananın Təcili yardım şöbəsi də var. Sadəcə, hazırda xəstəxana pandemiya xəstəxanası kimi fəaliyyət göstərdiyi üçün bəzi şöbələr əvvəlki binalarına qaytarılıb. Həmin binalarda olan problemlər indi yaranmayıb, illər əvvəl tikilmiş binadır. Məhz həmin binaların vəziyyəti yaxşı olmadığı üçün yeni xəstəxana binası istifadəyə verilib. Çəkiliş aparılan binaya gəldik də isə kadrlardan da göründüyü kimi hazırda rayon icra hakimiyyətinin təşəbbüsü ilə orada təmir işləri gedir”.