Spikerlər arasında görüş keçirilib

  • 07.09.2021
  • 0

Milli Məclisin sədri Sahibə Qafarova Avstriyada Milli Məclisin sədri Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.

Ölkələrimizin istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan Spiker TÜRK PA çərçivəsində əlaqələrin əhəmiyyətini xüsusi qeyd edib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, dövlətlərimiz arasında münasibətlər möhkəm hüquqi bazaya əsaslanır. Tərəflər arasında imzalanan sənədlər müxtəlif sahələri əhatə etməklə, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın daha da dərinləşməsini təmin edib.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə haqqında qazaxıstanlı həmkarına məlumat verən Milli Məclisin Sədri deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulub. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirərək ərazi bütövlüyünü bərpa edib. Artıq münaqişə tarixə qovuşub və Azərbaycan işğaldan azad olunan ərazilərin bərpasına başlayıb. Sahibə Qafarova həmçinin Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib. O, Ermənistanın minalanmış ərazilərin tam xəritəsini təqdim etməkdən imtina etdiyini, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərdiyini, sərhəddə təxribatlar törətdiyini diqqətə çatdırıb.

Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarımızın şəxsi dostluq münasibətlərinin önəmini qeyd edib. Nurlan Niqmatulin ikitərəfli əlaqələrin bütün sahələrdə dinamik inkişaf etdiyini, münasibətlərin daha da dərinləşməsi üçün geniş imkanlar olduğunu qeyd edib.

REAL

Nə düşünürsən?