Nigeriyanın neft müəssisələrində tətil təhlükəsi və Yaxın Şərqdə gərginliyin artması neftin ucuzlaşmasını dayandırıb. APA TV-nin xəbərinə görə, ABŞ-da benzin ehtiyatlarının həftə ərzində 7 milyon barelə yaxın artması nefti dəyərdən salsa da, Qüds problemi ətrafında baş verənlər “qara qızıl”ın dəyərini artırıb. Birja iştirakçıları OPEK ölkələrindən neft nəqlində problem yaranacağından ehtiyatlanırlar, Səudiyyə Ərəbistanının ABŞ prezidentini Qüds şəhərinin statusuna dair qərarından imtinaya çağırması bu təşvişi artırıb. Hazırda birjalarda “Brent” markalı neftin bir bareli 62,15 dollardan satılır, Qərbi Texas nefti isə 56,61 dollara təklif olunur. Neftin birja həftəsinin hansı pillədə başa vuracağı Qüds ətrafında gedən proseslərdən və ABŞ-da hasilata cəlb olunan buruqların sayına dair hesabatdan asılı olacaq. Qiymətləri dəstəkləyən digər amil Çinin iqtisadi göstəricilərinə dair hesabatdır. Hesabata əsasən, bu il Çin neft idxalını 12 faiz artırıb, təkcə ötən ay idxal olunan neftin həcmi 36,92 milyon metrik ton təşkil edib. Dünyanın ən böyük neft alıcısı olan Çində “qara qızıl”a tələbatın artması ilin sonuna kimi qiymətləri dəstəkləyən əsas amillərdən biri olacaq.