AZ
Video yüklə

Qarabağda gərginlik artır

17 baxış Son xəbərlər
Erməni Silahlı birləşmələrinin Azərbaycan Ordusuna qarşı təxribatları səngimək bilmir. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları tərəfindən ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Bu, ilk belə hal da deyil. Bundan öncə də müxtəlif vaxtlarda ordumuzun mövqeləri dəfələrlə atəşə məruz qalıb. Erməni terrorçularının təxribatçı əməllərinə Rusiya sülhməramlıların göz yumması isə ayrı bir mövzudur və haqlı olaraq bu, Azərbaycanda etiraz doğurur.

"İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək", -deyən prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə bu nüansa diqqət çəkməsi isə heç də təsadüfi deyil.
Sözügedən məsələnin növbəti dəfə qabardılması əslində həm erməni terrorçularına, həm də onun havadarlarına açıq mesajdır.
Xatırlatmaq yerinə düşərdi ki, bu ilin fevral ayında Azərbaycan və Rusiya arasında Qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalanıb. Həmin sənəddə, regional təhlükəsizliyin təmin olunması başlıca meyar kimi təsbit olunub. Ancaq bölgədə baş verən təxribat xarakterli hadisələr onu deməyə əsas verir ki, Moskva müttəfiqlik bəyannaməsinin müddəalarından irəli gələn öhdəliklərinə tam əməl etməməklə, Ermənistanın pozucu fəaliyyətinə də dəstək verir.

Nəticə etibarilə, Qarabağda baş vermiş təxribatlara görə Rusiya sülhməramlıları erməni silahlılarından daha çox məsuliyyət daşıyır. Çünki Rusiya sülhməramlılarının bölgədə atəşkəsi qorumaq kimi öhdəliyi var və bu, dəfələrlə Azərbaycan tərəfindən bəyan edilib. Bununla belə, baş verən təxribatlar onu deməyə əsas verir ki, rus sülhməramlıları tərəfindən heç bir tədbir görülmür. Belə olan halda, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılması və qeyri-qanuni erməni hərbi birləşmələrinin cəzalandırılması məsələsi öz aktuallığını qoruyacaq.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.