Prezident İlham Əliyevin İsveçrəyə işgüzar səfəri davam edir. Dövlət başçısı səfər çərçivəsində Davosda bir sıra görüşlər keçirib.
Prezidenti İlham Əliyev "SUEZ Group"un yeni baş icraçı direktoru Bertran Kamusla görüşüb.
Görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Bertran Kamus rəhbərlik etdiyi şirkətin hazırda Azərbaycanda həyata keçirdiyi layihələr, bu layihələrin gedişi, həmçinin perspektiv proqramlar barədə məlumat verib. Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışan baş icraçı direktor "SUEZ Group"un kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində gələcək fəaliyyət proqramlarını Prezident İlham Əliyevə təqdim edib.
Görüşdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirib ki, "SUEZ" şirkətinin Azərbaycanın aidiyyəti qurumları ilə fəaliyyəti barədə məlumatlıdır və əldə edilən nəticələr də qənaətbəxşdir. Görüşdə kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, habelə meliorasiya sahəsində qabaqcıl texnologiyaların tətbiqi istiqamətində "SUEZ" ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin Davosda Polşa Prezidenti Andjey Duda ilə də görüşü olub. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub, neft-qaz sektorunda əməkdaşlıq imkanlarının araşdırılması, həmçinin regionda və dünyada mövcud geosiyasi vəziyyət haqqında fikir mübadiləsi aparılıb. Söhbət zamanı bu ilin iyun ayında Tallində keçiriləcək Üç Dəniz Təşəbbüsündə Azərbaycanın da iştirak etməsinin əhəmiyyəti vurğulanıb, Vışeqrad Qrupu və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Prezident İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə də görüşüb.Görüşdə Azərbaycanla Monqolustan arasında əlaqələrin daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatı sahəsində, xüsusilə heyvandarlıq sektorunda geniş əməkdaşlıq imkanlarının olduğu bildirilib, mis və qızıl mədənləri sənayesi sektorunda investisiya imkanları müzakirə edilib.
Söhbət zamanı hazırda monqolustanlı tələbələrin Azərbaycanın universitetlərində təhsil aldıqları da qeyd olunub.
Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Görüşdə TANAP layihəsinin artıq istifadəyə verildiyi, TAP-ın isə bu ilin axırınadək hazır olacağı qeyd edildi.
Söhbət zamanı "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr aparıldı. Prezident İlham əliyev bunun çox mühüm layihə olduğunu bildirdi.
Dövlətimizin başçısı bu ilin fevralında Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının nazirlər səviyyəsində görüşünün keçiriləcəyini qeyd etdi.
Robert Dadli BP-nin öz fəaliyyətində ətraf mühitin qorunmasına daha böyük əhəmiyyət verəcəyini dedi.